Valideynlərinin qəlbində və evində böyüməli olan uşaqlar axı nədən yad əllərə tərk edilir?
Beynimdəki bu sualla “Ümid yeri” uşaq sığınacağının darvazasından içəri keçirəm.
…Uşaqlar sanki öncədən tanıyırmışlar kimi, qucağıma atılırlar. Altı yaşlı Şükranə məni cizgi filmi qəhrəmanı “Rapunzel”ə bənzədir. Saçımı hörmək istədiyini deyir, razılaşıram.
Şükranə saçımı hörür, mən də o arada başqa uşaqlarla söhbət edirəm.
Ən sevimli məşğuliyyətlərinin nə olduğunu və böyüyəndə hansı peşəyə yiyələnmək istədiklərini soruşuram. Çoxu rəqs etməyi sevdiyini deyir. Demək olar ki, hamısı ürək həkimi (kardioloq) olmaq arzusundadır.
Sığınacaqdakı uşaqlar niyə kardioloq olmaq istəyirlər?
Söhbətin şirin yerində içəri bir uşaq daxil olur – kürəyində məktəb çantası və ovcunda tut var. Tutu dərsdən çıxanda məktəbin yaxınlığındakı ağacdan sığınacaqdakı yoldaşları üçün topladığını söyləyir. Bu balaca oğlan dərhal uşaqları başına toplayır, tutu onların arasında bərabər bölür. Uşaqların bir-birinə duyduğu doğmalıq və paylaşmağı bilmələri məni təsirləndirir.
Artıq yemək saatı da çatıb. Uşaqlar yemək yeyərkən söhbətimə sığınacağın Türkiyədən gələn klinik psixoloqu Rabia Aslan ilə davam edirəm. Uşaqlardan çoxunun ürək həkimi olmaq istəməsi mənə maraqlı gəldiyi üçün elə psixoloqdan ilk bunun səbəbini soruşuram. O deyir ki, bu, şüuraltı travmalarla bağlı məsələdir. Uşaqlar inanırlar ki, əgər gələcəkdə ürək həkimi olsalar, bu yolla “xəstə” qəlbləri sağalda bilərlər:
“Rəqs etməyi isə ona görə sevirlər ki, musiqi onların ruhuna yaxşı təsir edir. Həmçinin rəqs edərkən diqqət mərkəzində olurlar və sonda alqışlanırlar. Diqqət görmək və sevildiyini hiss etmək uşaqlara müsbət təsir edir”.
Rabia Aslan
Valideynləri onları atsalar da, uşaqlar ana-ataları barədə pis danışmırlar
Rabia xanım söyləyir ki, sığınacaqdakı uşaqlar olduqca həssas olurlar:
“Bəzən bizə elə gəlir ki, onlar danışmağı, fikirlərini başqaları ilə paylaşmağı sevmirlər, amma əksinədir. Uşaqlar qarşısındakı insanın həqiqətən ona qayğı ilə yanaşdığının və onları dinləmək istədiyinin fərqinə varanda, sizinlə uzun söhbət edə bilərlər. Ən maraqlısı isə odur ki, valideynləri onları atmış olsalar belə, övladları ana-atalarını sevməyə davam edirlər və barələrində mənfi fikirlər söyləmirlər”.
Nigar Mənsimova
Sığınacaq rəhbərinin unuda bilmədiyi hadisə
Psixoloqla söhbətimi yekunlaşdırıb sağollaşıram və sonra “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimovaya yaxınlaşıram. O, sığınacaq rəhbəri işlədiyi dövrlərdə çox ağrılı talelərin şahidi olduğunu deyir. Nigar xanım uzun illər əvvəl baş verən hadisəni nəql edir. Sığınacaq rəhbəri söyləyir ki, həmin hadisə yadına düşdükcə hələ də ağır hisslər keçirir, ovqatı təlx olur:
“Metronun “28 May” stansiyasının yaxınlığında dilənçilik edən, təxminən 7-8 yaşlarında olan bacı-qardaşı sığınacağa gətirmişdik. Novruz bayramı ərəfəsi idi. Sığınacaqda şəkərbura, paxlava kimi bütün bayram nemətləri vardı. Uşaqları sevindirməyə çalışırdıq. Amma nə etsək də, günün sonunda həmin bacı-qardaş evə getmək istəyirdilər. Mən hara gedəcəklərini soruşdum. Uşaqlar söylədilər ki, anaları ölüb, onlar da gündüzlər dilənçilik edir, axşamlar da onun yanına gedirlər. Açığı inanmadım. Çünki adətən, küçədə yaşayan uşaqlar belə hallarda yalan danışırlar. Elə həmin gün qızı yanımda saxlayıb, işçilərdən birini oğlanla birlikdə yaşadığı yerə yolladım. Az sonra əməkdaşımız zəng edib dedi ki, uşaqlar doğru danışırlar. O, evdə üstünə palto və yorğan sərilmiş təxminən 35 yaşlarında bir qadın meyiti olduğunu söylədi. Uşaqlar doğrudan da gündüz dilənib, axşam analarının meyitinin olduğu, yaşadıqları zirzəmiyə gedirmişlər. Təbii ki, mən dərhal polis əməkdaşlarına məlumat verdim və qadının meyiti “morq”a aparıldı. Sonra ölüm haqqında akt, uşaqların doğum şəhadətnamələri də bizə verildi. Həmin uşaqlar sığınacaqda qalıb böyüdülər. Qız Bakı Xoreoqrafiya Akademiyasında oxudu. Elə burada böyümüş oğlanlardan biri ilə ailə həyatı qurdu. İndi onların üç övladı və çox gözəl ailələri var. Amma həmin hadisə mənə olduqca acı təsir bağışlamışdı. Mən bu gün də o hadisədən danışanda sanki yenidən o anı yaşayıram”.
Evdən qaçan bacılar
Həyətə çıxıram. Uşaqlar birlikdə oyun oynayırlar. Qızlardan birinə yaxınlaşıram. Xarici görünüşcə o birilərindən yaşca böyükdür. Düşünürəm ki, həmin qızla daha rahat söhbət edə bilərəm. Adını və soyadını soruşub özü haqqında danışmasını istəyirəm. Nərmin Məmmədovanın (ad, soyadı şərtidir) 17 yaşı var. Artıq 2 ildir ki, sığınacaqda yaşayır. Ondan valideynləri haqqında soruşanda isə susur, danışmaq istəmir. Mən də təkid etmirəm. Birlikdə oyun oynayan uşaqları izləyirik. Birdən mənə sarı çevrilir və 2 il əvvəl evdən qaçdığını söyləyir. Nərmin valideynləri ilə münasibətinin yaxşı olmadığını deyir:
“Sığınacaqda bacımla birgə yaşayırdıq. O, bir müddət əvvəl buradan ayrıldı. Məndən fərqli olaraq bacım ata-anamla yaşamaq istəyir. Amma mənə bura daha xoşdur. Onları görmək istəmirəm. 18 yaşım olanda buradan ayrılacağam. Aşpaz olmaq istəyirəm. Bir dəfə burada yemək bişirmək istədim, icazə verdilər. Düşünürəm ki, bu işi yaxşı bacara bilərəm. Pul qazanıb öz həyatımı qurmaq niyyətindəyəm”.
Nərmin söhbətini bitirir və uşaqlarla oynamağa davam edir. Anladım ki, daha başqa heç nə danışmayacaq.
Sənin dərdin nədir, qızcığaz?
Hamı oynayarkən kənarda oturan arıq, cılız, təxminən 4-5 yaşlı bir qızcığaza gözüm sataşır. Küskün görünür. Yaxınlaşıb nə üçün küsdüyünü soruşuram. Yelləncəkdə yellənmək istədiyini deyir.
“Əgər yellənsən, əhvalın düzlərmi?”, – deyə soruşuram. “Düzələr”, – cavabını verir. Bu zaman yanımda dayanan oğlan uşağı: “Yalan danışır”, – deyə ucadan səslənir: “O, həmişə belədir, heç vaxt gülmür, nə etsək də əhvalı düzəlmir. İndi yellənsə də, heç nə dəyişməyəcək”.
Gördüyüm mənzərə və eşitdiyim sözlər mənə çox pis təsir edir…
Sığınacağın digər psixoloqu Könül Nurullayevaya yaxınlaşıram. Onunla söhbətə başlayıb “Bu cür həssas uşaqlarla çalışmaq sizin üçün nə qədər çətindir?” sualını ünvanlayıram.
Uşaq soruşur: Ana qucağı necə olur?
O qeyd edir ki, əlbəttə, sığınacaqda çalışmaq başqa müəssisələrdə işləməkdən daha məsuliyyətlidir. “Həm də bunun üçün böyük ürək lazımdır”, – deyir Könül xanım. Sonra əlavə edir ki, sığınacaqdakı uşaqların çoxu küçə həyatı yaşamış, sevgiyə möhtac, ana bətnində travma görmüş olurlar:
“Ən çətin proseslərdən biri isə yeni gələn uşağın sığınacağa adaptasiyasını təmin etməkdir. Buradakı uşaqlar yeni gələni adətən tez qəbul edirlər. Amma həmin uşağın bura öyrəşməsi müəyyən zaman alır. Bir qız uşağı var idi. Mən hələ sığınacaqda çalışmadan əvvəl o, burada idi. Uşağın müəyyən davranış pozuntuları, adaptasiya ola bilməmək kimi problemləri vardı. Onunla söhbətlərimin birində mənə dedi ki, “olarmı, gəlim, sizin qucağınızda oturum?” Dedim ki, “əlbəttə, olar”. O, qız qucağımda oturan kimi üzümə baxıb – “deməli, “ana qucağı” dedikləri budur?!”, – sualını verdi. Mən ona cavab verə bilmədim, uşağı sadəcə, bağrıma basdım. Bax, belə uşaqlarla çalışmaq böyük ürək və sevgi tələb edir. Sevgisiz heç bir insan bu uşaqlarla işləyə bilməz”.
Xeyirxah insanların köməyi
Sığınacaqda qida rasionu ilə maraqlanıram. Burada olan zaman bir çox vətəndaşın sığınacağa qida, geyim kimi yardımlar gətirdiyinin şahidi oluram. Müəssisənin rəhbəri Nigar Mənsimova bildirir ki, sığınacağa yardımlar davamlı olaraq gəlir:
“Çalışdığım bu illər ərzində çox xeyirxah, həssas və ürəyiaçıq insanlarımızın varlığının şahidi olmuşam. Bu günə gəlib çatmağımızda isə dövlət dəstəyi danılmazdır. Çünki biz qeyri-hökumət təşkilatıyıq, dövlətdən maliyyələşmirik. Mən fürsətdən istifadə edib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Biz Mehriban xanıma sığınacağın yenidən təmir olunması isə bağlı müraciət edəndə, o, dərhal reaksiya verdi. Sığınacaq qısa müddətdə təmir edildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın da uşaqlara olan həssaslığını xüsusi vurğulamaq istəyirəm. O, hansısa bir uşağın xəstə olduğunu biləndə, dərhal müalicəyə göndərir. Bu yaxında Leyla xanımın köməyi ilə uşaqlarımızdan biri Türkiyədə müalicə alıb geri qayıtdı. Mən onu demək istəyirəm ki, uşaq günü tək uşaqların deyil, həm də uşaqları sevənlərin, onlardan diqqət və qayğısını əsirgəməyənlərin bayramıdır. Uzun illərdir ki, uşaqlarla çiyin-çiyinə yol gəldiyimiz üçün özümü çox xoşbəxt hesab edirəm”.
“Ümid yeri”nin ümidi
…Uşaqlarla sağollaşıb sığınacaqdan ayrılıram. İçimdə bir boşluq hiss edirəm. 1924-cü ildə qəbul edilmiş uşaqların hüquqlarını təmin edən bəyannamədə qeyd olunan bu fikir yadıma düşür: “Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Uşaqlara verəcəyimiz ən gözəl şey sevgidir. Odur ki, sevginin həmişə var olmasını diləyirəm. İnanmaq istəyirəm ki, o sevgi bir gün həm uşaqları, həm də “xəstə” ürəkləri sağaltmağı bacaracaq…
“Report” İnformasiya Agentliyi
www.102info.az