Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib – YENİLƏNİB + FOTO

Cəmiyyət


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib.

“Report” xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.

İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, qoruq ərazisində aparılmış çöl-tədqiqat işləri, flora və fauna növlərinin öyrənilməsi barədə qısa məlumat verib. Belə ki, məhv edilmiş yaşıllıqların bərpası məqsədilə həmin ərazilərin torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 160 hektara yaxın sahədə 124 000 ədəd ağac tingi əkilmiş (çinar, sərv, şam, göyrüş, dağdağan, qarağac, meliya, akasiya və s.) və 3 000 kiloqram palıd və şərq çinarı toxumu səpilib.

Yeni salınmış yaşıllıqların suvarılmasının təmin edilməsi məqsədilə Zəngilan şəhərinin girişində 55 hektar ərazidə damcılı suvarma sistemi qurulub və həmin yaşıllıqlara mütəmadi qaydada aqrotexniki xidmətlər göstərilir, suvarılması təmin olunur. Həmçinin, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı, fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Cəbrayıl rayonu ərazisinə buraxılmış 33 baş ceyranın hazırda izlənilməsi, monitorinqi aparılır. Bununla yanaşı, Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına bu günədək 449 500 fərd, Suqovuşan və Xaçınçay su anbarlarına 450 min fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalınalın) balıq körpələri (ümumilikdə 900 minə qədər) buraxılıb. Nazirlik tərəfindən bu layihələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev öz təbiəti və əlverişli coğrafi mövqeyi ilə seçilən Zəngilan rayonunun həm də iqtisadi cəhətdən, o cümlədən mədən sənayesi, kənd təsərrüfatı, logistika, alternativ enerji, turizm sahələrinin inkişafı üçün geniş imkanlara malik bir ərazi olduğunu qeyd edib. Həmçinin həyata keçirilən infrastruktur layihələrinin, yenidən salınacaq şəhər, qəsəbə və kəndlərin konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi yanaşmaların təşkil etdiyi və ekoloji məsələlərə xüsusi diqqət yetirildiyi qeyd olunub. Bununla yanaşı, nümayəndəliyin ərazisində tikinti-söküntü tullantılarının səmərəli idarə olunması, karxanaların istismarı zamanı ətraf mühitin mühafizəsi məsələləri və son günlərdə aktuallaşan sel və daşqınların təbiətə, infrastruktur obyektlərinə, kənd təsərrüfatı sahələrinə təsirlərini minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin, erkən xəbərdarlıq sisteminin tətbiqinin vacibliyi vurğulanıb.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi ilə əlaqədar “Təmiz Şəhər” ASC tərəfindən Zəngilan poliqonu ərazisində üç ədəd müvəqqəti tullantı hücrəsi hazırlanıb və tullantıların zərərsizləşdirilməsi təşkil olunub. “Təmiz Şəhər” ASC-nin korporativ strukturunda Şərqi Zəngəzur regional bölməsi yaradılıb və yerli sakinlər işlə təmin olunublar. Hazırda Ağalı kəndində məişət tullantılarının gündəlik daşınması üçün səkkiz meydançada 35 konteyner yerləşdirilib. Zəngilan poliqonunda hazırlanmış müvəqqəti tullantı hücrələrində tullantıların zərərsizləşdirilməsi prosesi davam etdirilib.

İclasda aidiyyəti dövlət qurumlarının mütəxəssisləri ilə birgə Oxçuçayda aparılmış fiziki-kimyəvi və bioloji monitorinqlərin nəticələri əsasında hazırlanmış təkliflər barədə iştirakçılara məlumat verilib. Birgə monitorinqlər nəticəsində Oxçuçayın suyunun keyfiyyətinin nisbətən yaxşılaşdırılması və ondan müxtəlif sahələrdə istifadə üçün metodologiya işlənib hazırlanıb. Ətraf mühitin tarazlığını pozmayan, ekoloji təmiz, iqtisadi nöqteyi-nəzərdən çox səmərəli, mürəkkəb qurğuların quraşdırılmasını tələb etməyən, eyni zamanda mövcud problemin tam və kompleks şəkildə həllinə imkan yaradan bu metodologiya Oxçuçayın ekoloji vəziyyətinin yaxşılaşdırılması onun məcrasının çirklənmiş dib çöküntülərindən təmizlənməsi, çayın suyundan içməli, texniki və suvarmada istifadəyə, həmçinin çayın rekreasiya və estetik funksiyalarının bərpasına nail olmağa imkan verəcək.

İclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) kiçik su elektrik stansiyalarının tikintisi ilə bağlı ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub.

Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının ərazisində yayılmış faydalı qazıntı yataqları barədə, eləcə də işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün bu ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə qaydaları barədə iştirakçılara məlumat verilib.

Bundan başqa, İşçi Qrupun üzvlərinə işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi layihələri, bu ərazilərdə mövcud olan meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlaşdırılan birgə tədbirlər, Zəngilan rayonunun biomüxtəlifliyinin tədqiqi üzrə aparılan monitorinqlər haqqında məlumat verilib.

13:24

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən işçi qrupların işğaldan azad olunan ərazilərə növbəti səfəri təşkil olunub.

“Report”un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirməkdir.

Zəngilan rayonu Ağalı kəndində reallaşan iclasa Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edir.

Toplantıda görülən işlər və cari məsələlərlə yanaşı, Zəngilan rayonunun biomüxtəlifliyi haqqında, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, bu ərazilərdə yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) kiçik su elektrik stansiyalarının (KSES) tikintisi ilə bağlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yataqlarının istifadəsi haqqında müzakirələr aparılacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir