Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı, Ukraynanın Azərbaycandakı səfirliyi və Ukrayna Mərkəzinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycanda qaçqın həyatı yaşayan ukraynalı uşaqlar üçün bayram tədbiri təşkil olunub.
Azərbaycan və Ukrayna dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkədə müharibə zamanı həlak olan şəhidlər yad olunub.
Bayram tədbirində çıxış edən Ukrayna Ali Radası sədrinin müşaviri, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Baş katibi Hikmət Cavadov bildirib ki, tədbirin məqsədi bir ildən çoxdur qaçqın həyatı yaşayan ukraynalı fidanlara müharibənin ağrı-acısını bir an da olsun unutdurmaq, onların həyata baxışlarında dəyişiklik yaratmaqdır:
“Təəssüf ki, bu gün dünyada müdafiəyə ən çox ehtiyacı olan ukraynalı uşaqlardır. DABF olaraq Ukraynadakı prosesləri daimi diqqətdə saxlayacağıq”.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib ki, Ukrayna torpağına ölüm və qəddarlıq gətirən rus təcavüzü övladlarımızı xoşbəxtlikdən məhrum edib:
“Amma əsl dostlarımızın təşkil etdiyi bayram sayəsində dost Azərbaycanın qucağında qonaqpərvərliklə qarşılanan ukraynalı uşaqların yenidən sevincli üzlərini gördük, gurultulu gülüşlərini eşitdik”.
Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun rəhbəri Kamran Bayramov Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbirinə qatılan ukraynalı uşaqları təbrik edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, təhsilinin təşkili, sağlamlığının qorunması, gələcəklərinin təmin edilməsi sahəsində görülən işlərdən bəhs edən deputat ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. K.Bayramov Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun rəhbəri vəzifəsinə yeni seçildiyini böyük şərəf və eyni zamanda məsuliyyət olduğunu diqqətə çatdırıb, Milli Məclis və Ali Rada arasında əlaqələrin inkişaf etdirilməsində, qarşılıqlı fəaliyyətin gücləndirilməsində səylərini əsirgəməyəciyini bildirib.
Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupun üzvü Məzahir Əfəndiyev uşaqların sülh şəraitində yaşamasının zəruri olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanın incəsənət xadimləri çıxış edib, ukraynalı uşaqlar Azərbaycan mətbəxindən müxtəlif növ təamlara qonaq ediliblər.
Sonda fond tərəfindən 50-dən çox ukraynalı uşağa bayram hədiyyələri təqdim olunub.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) cari ildə 20-dən çox ölkədə yaşayan azərbaycanlı diaspor nümayəndələrinin iştirakı ilə İsveçin paytaxtı Stokholm şəhərində təsis olunub.
www.102info.az