İsti hava şəraiti məişətdə daha həssas olmağımızı tələb edir. Çünki isti hava istehlak etdiyimiz məhsulların bir çoxunu çox asanlıqla sıradan çıxarır. Bu da sağlamlığımız üçün ciddi risklərə yol açır. Məsələn, küçələrdə qızmar Günəş altında plastik qablarda su satışına addımbaşı rast gəlirik. Halbuki, plastik qablarda Günəş şüalarının təsiri ilə kimyəvi proseslər gedir. Bu isə son nəticədə sağlamlığımıza təhlükə yaradır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, plastik qablarda olan suları marketlər şəbəkəsindən almaq daha doğru olardı:
“Çox təəssüf ki, plastik qablarda olan sular daha çox küçələrdə, qızmar Günəş altında satılır. Bilmək lazımdır ki, istinin təsirindən plastik qabda bisfenol-a maddəsi əmələ gəlir. Bu maddə də su ilə tez reaksiyaya girir. Beləcə, Günəş şüaları altında plastmas qablarda satılan sulardan xərçəng xəstəliyinə yoluxma riski çoxalır. Əgər hansısa alıcı xroniki və onkoloji xəstəlikdən əziyyət çəkirsə, o zaman onda xəstəlik daha da şiddətlənir”.
Məhsəti Hüseynova onu da xatırladıb ki, qablaşdırılmış suyun daşınmasında da qaydalara əməl olunmur:
“Yaxşı olar ki, istehlakçılar istehsalçının qabların üzərində yazılmış tövsiyələrinə diqqət eləsinlər. Çünki satıcılardan bu qaydalara riayət etmələrini gözləmək sadəlövhlük olardı. Sular daşınan zaman və satılan müddətdə sərin yerdə saxlanılmalıdır. Bütün hallarda qızmar Günəş şüaları altında satılan sulardan uzaq durmaq lazımdır. Çünki yüksək temperatur səbəbi ilə plastik maddədən zəhərli maddələr törəyir.
Bunu qətiyyən yaddan çıxartmaq olmaz. Bundan əlavə, gündəlik istifadə üçün 300-500 qramlıq suları almaq daha məsləhətdir. Çünki istehsal prosesində qablar ozonla doldurulur. Plastmas qabın ağzı hər dəfə açılıb-bağlananda isə suyun tərkibi dəyişir. Ona görə də plastmas qablardan bir dəfə istifadə etmək daha doğru olardı. Bu mənada şüşə qablarda satılan sular daha faydalı və təhlükəsizdir”.
www.102info.az