Sel və daşqınlardan əziyyət çəkən İsmayıllıda son durum – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


“Artıq Lahıca gedən yolda və kəndlərdə heç bir problem yoxdur. Kommunal problemlərin hər biri günün ikinci yarısına qədər tam olaraq aradan qaldırılıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Namiq Kərimov məlumat verib.

O bildirib ki, aidiyyəti üzrə işçi qüvvələri İsmayıllı rayonunun digər kəndlərinə yönləndiriliblər:

“Sel və daşqınlar rayonun Zərnava kəndinin yollarında gediş-gəliş problemləri yaşadıb. Sel suları kənddən keçən çayda suyun səviyyəsinin artmasına gətirib çıxarıb. Daşqın iri qaya parçalarını yola atıb. Yolun açılması üçün hazırda orada işlər davam etdirilir. Elektrik enerjisinin verilişi və digər kommunal xidmətlərlə bağlı kəndlərdə heç bir çətinlik qalmayıb”.

14:26

Sel sularının İsmayıllı rayonu ərazisində yerləşən bir neçə yerli əhəmiyyətli avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində yaratdığı problem aradan qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, intensiv yağıntılar nəticəsində Sərdahar, Kürd Eldarbəyli, 2-ci Yeni yol və Dahar kəndlərinin yollarında sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.

Sözügedən yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.

13:43

Lahıc qəsəbəsinə elektrik enerjisinin verilişi bərpa edilib.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.

13:01

“Daşqınlar Lahıcın bir hissəsini işıqsız qoyub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, gələn sel Lahıcı elektrik enerjisi ilə təmin edən əsas xəttin dirəyini yuyub aparıb:

“Bu səbəbdən Lahıcın bir hissəsində elektrik enerjisinin verilməsi tam dayanıb. Daşqın zamanı Lahıc yoluna düşən qaya parçaları yoldan istifadəni məhdudlaşdırdığı üçün yeni elektrik dirəklərinin əraziyə aparılması yubanıb. Amma artıq qəza xidmətinin əməkdaşları ərazidə dayağın bərkidilməsi prosesini həyata keçirirlər. Yaxın 30 dəqiqə ərzində abonentlərə elektrik enerjisinin verilişi bərpa ediləcək”.

12:42

“İsmayıllıya gələn sel və daşqınlar səbəbindən 785 abonent qazsız qalıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İB-dən məlumat verilib. 

Bildirilib ki, sel səbəbindən İsmayıllı Xidmət Sahəsi üzrə “Talıstan” QPS-dən qidalanan rayonun Namazgah Lahıc və  Ərəgit kəndlərini təbii qazla təmin edən 159 mm-lik qaz xəttinin üzərinə qayadan daş düşüb:

“Nəticədə qaz xətti zədələnib. Bu məqsədlə 06.06.2023-cü il tarixdə saat 20:30-dən həmin xətlə təbii qazın verilişi dayandırılıb. Təchizatın dayandırılması zamanı 785 abonentin qaz təminatında fasilə yaranıb”.

10:24

“Sel və daşqınlar İsmayıllıda çəkilən süni bəndləri yuyub. Lakin zəruri olan tədbirlər görülür”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi gecə saatlarından ərazidə olub:

“Ötən gün axşam saat 19 radələrində və gecə saat 01:00-03:00 aralığında İsmayıllıya güclü sel gəlib. İdarənin texnikaları səhərə qədər ərazidə işləyib. Hər hansı ciddi fəsad baş verməyib. Lahıcda daha ciddi fəsadlar qeydə alınıb. Sinoptiklər ayın 9-na qədər qeyri-sabit hava şəraiti ilə bağlı elan veriblər. Bu səbəbdən qurum öz səlahiyyətləri çərçivəsində hazırlıqlıdır.

Bununla bağlı qabaqcadan sel təhlükəsi ilə bağlı idarələrə məlumat vermişik. Yaxınlıqda zəruri texnikalar gözləmə rejimindədir, canlı qüvvələr növbəli çalışır. Hər hansı sel gözlənilərsə bu zaman dərhal operativ şəkildə ərazidəki vəziyyətə müdaxilə ediləcək”.

09:46

Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, agentliyin gecə boyu səhər saatlarına qədər apardığı təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolboyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

09:01

İsmayıllıda sel fəlakəti bir sıra fəsadlar törədib. 

Oxu.Az xəbər verir ki, Lahıc yolu daşqınlar səbəbindən bağlanıb. 

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında faktı təsdiq edib. 

O bildirib ki, gecə saatlarından gələn sel və daşqınlar Lahıc yolunda hərəkəti məhdudlaşdırıb:

“Gecə saatlarından yol bağlanıb. Qurumun əməkdaşları məlumat daxil olan andan əraziyə göndəriliblər, orada işlər gedir. Lahıc yolunun bir neçə hissəsində iri qaya parçaları yola tökülüb. Əməkdaşlar həmin qayaların yoldan kənarlaşdırılması istiqamətində tədbirlər görürlər. Yaxın 1 saat ərzində Lahıc yolunda hərəkətin bərpa olunması gözlənilir”.

Əldə etdiyimiz məlumata görə, sel və daşqınlar səbəbindən İsmayıllı rayonunun bir hissəsində elektrik enerjisinin və qazın verilişində də problem yaranıb.

08:38

İsmayıllıda güclü leysan yağışdan sonra Namazgah kəndinə sel gəlib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yağan yağış təsərrüfata ciddi ziyan vurub. Sel evləri, turizm-istirahət obyektlərini, mağazaları basıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib.

Qeyd edək ki, dünən axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb.

Sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb. 

Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndinə gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.az RU (@ruoxuaz)

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir