Ölkəmizin inkişafına dəstək olacaq peşəkar idarəçilər “Yüksəliş”lə yüksəlirlər – FOTO

Cəmiyyət


“Müsabiqə Azərbaycanın sürətli inkişafı, kadr islahatları, mütərəqqi ideyalara malik gənc liderlərə ehtiyac fonunda ölkəni yüksəkkeyfiyyətli kadr potensialı ilə təmin etməyi qarşıya məqsəd qoyub”.

Bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsahibəsində deyib.

Məlum olduğu kimi, hazırda ölkədə üçüncü “Yüksəliş müsabiqəsi keçirilməkdədir. Cəmiyyətdə, xüsusilə intellektual və idarəetmə sahəsində karyera qurmaq istəyən şəxslər arasında müsabiqəyə böyük maraq var. Bunu ildən-ilə “Yüksəliş”ə iştirak üçün müraciət edənlərin sayının nəzərəçarpacaq dərəcədə artması da aydın göstərir. “Yüksəliş”in əhəmiyyəti, keçirilmə prosesi və burada tətbiq edilən metodlar, eləcə də, hazırda davam edən 3-cü müsabiqənin gedişi barədə suallarımızı gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev cavablandırır.

– Fərhad müəllim, hazırda üçüncü “Yüksəliş” müsabiqəsi keçirilir. Proses nə yerdədir?

– Son dövrlərdə fəal öyrənmə, kommunikasiya, stresədavamlılıq və çeviklik kimi özünüidarəetmə bacarıqları müasir cəmiyyətdə mütəxəssis hazırlığı və insan kapitalı məsələlərində daha önəmli yer almağa başlayıb. İdarəçi kimi formalaşmaq əzmində olan şəxslər bu sahədə zəif və güclü tərəflərini öyrənərək bilik və bacarıqlarını təkmilləşdirmək, ictimai tərəqqiyə töhfələrini artırmaq üçün özünüinkişaf yolunu seçirlər, bu yolda püxtələşirlər. “Yüksəliş” müsabiqəsi isə özlərini idarəçi kimi inkişaf etdirmək istəyən şəxslərə yeni imkanlar yaratmaq və dəstək olmaq məqsədilə ölkəmizdə artıq üçüncü dəfə keçirilir.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam 20 dekabr 2022-ci ildə imzalanıb. Qeydiyyat, onlayn seçim, əyani mərhələ, yarımfinal və final mərhələlərindən ibarət olan müsabiqə 10-11 iyun tarixlərində keçiriləcək əyani mərhələ ilə davam edir.

– Kimlər əyani mərhələdə iştiraka haqq qazanıblar?

– 17 fevral tarixində başlayan qeydiyyat prosesi ilə üçüncü “Yüksəliş” müsabiqəsinə bu il 13 474 şəxs qeydiyyatdan keçib. Bu göstərici əvvəlki illərlə müqayisədə “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciət edənlərin daha çox olduğunu göstərir. Bu il qeydiyyatdan keçənlərin 10 237-si kişi, 3 237-si qadındır. Üçüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 6 268 namizəd öncəki müsabiqələrdə də iştirak edib.

Onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7 024 namizəddən 1 325 nəfər növbəti – əyani mərhələdə iştirak etmək hüququ qazanıb. Əyani mərhələyə uğurla keçən namizədlərin 1 095-i kişi, 230-u qadındır. Əyani mərhələyə vəsiqə qazananlardan 404 nəfəri müsabiqəyə ikinci, 220 nəfəri isə üçüncü dəfə qatılıb.

Müsabiqədə 21-51 yaşlarında şəxslər iştirak edə bilərlər. İştirakçılar arasında 21-30 yaşlarında 683 nəfər, 41-51 yaşlarında isə 54 nəfər namizəd yer alır. İştirakçıların 687 nəfəri dövlət, 665 nəfəri özəl, 24 nəfəri QHT, 20 nəfəri isə beynəlxalq qurumların əməkdaşlarıdır. Onlardan 1 289 nəfəri bakalavriat təhsilini Azərbaycanda, 118 nəfəri isə xaricdə alıb. Bakalavriat dərəcəsi üzrə qəbul ballarına nəzər saldıqda isə iştirakçıların 60%-dən çoxunun 500 baldan yüksək nəticə göstərdiyini görə bilərik.

– Əyani mərhələdə iştirakçıların hansı bilik və bacarıqları yoxlanılır?

– Əyani mərhələnin qabiliyyət üzrə yoxlama imtahanı iyunun 10-da, idarəetmə bacarıqları üzrə imtahan isə iyunun 11-də keçiriləcək. Qabiliyyət imtahanı üç test üzrə aparılır. İştirakçılara verbal və rəqəmsal məlumatlarla işləmək, o cümlədən abstrakt düşüncə bacarığının yoxlanılması üçün ümumi 75 sual təqdim ediləcək. İştirakçılar bu imtahanda onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi balın ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda topladıqları balın isə ən azı 50 faizini yenidən toplamalıdırlar. Bu isə onlayn mərhələdən keçmiş namizədlərlə bağlı şəffaf seçimi əyani şəkildə təmin etmək məqsədilə tətbiq edilir. 

İdarəetmə bacarıqları üzrə imtahanda isə “Qərarların verilməsi”, “Tənqidi düşüncə, “Layihələrin və iş prosesinin idarə olunması”, “Sosial intellekt” üzrə suallar təqdim olunacaq. Qeyd edək ki, bu növ situativ suallar “Yüksəliş” müsabiqəsi üçün xüsusi olaraq hazırlanır. Bu tip test tapşırıqları idarəetməyə sistemli şəkildə yanaşmanı və paralel təhlil metodlarını özündə cəmləşdirir və dünyanın ən qabaqcıl şirkətlərinin tətbiq etdiyi üsullardandır.

Əyani mərhələnin hər iki imtahanını uğurla başa vurmuş iştirakçıları isə müsabiqənin yarımfinal mərhələsi gözləyir.

– Yarımfinal və final mərhələlərində iştirakçılar hansı səriştələr əsasında qiymətləndirilirlər?

– Müsabiqənin yarımfinal və final mərhələlərində iştirakçıların səkkiz səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) müxtəlif keyslər vasitəsilə qiymətləndirmə konfransı əsasında dəyərləndirilir. Bu mərhələlərdə artıq iştirakçıların biliklərindən daha çox bacarıqları ön plana keçir. Burada şəxsi keyfiyyətlər əsas götürülür, iştirakçılar 20-yə yaxın insan resursları üzrə mütəxəssis və psixoloq tərəfindən qiymətləndirilirlər.

Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanmaqla Azərbaycan iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir. İştirakçılar yarımfinal və final mərhələlərində gün ərzində ekspert və mentorların müşahidəsi ilə stres altında tapşırıqların icrasını həyata keçirirlər. Uzunmüddətli müşahidə prosesi isə öz növbəsində, namizədlərin əsas keyfiyyətlərinin üzə çıxarılmasına və ən əsası, şəffaf nəticələr əldə etməyə yardım edir. Onu da qeyd etmək lazımdır ki, bu metodun ölkəmizdə tətbiqi ilk dəfə “Yüksəliş” müsabiqəsi tərəfindən həyata keçirilib. 

– Yarımfinal və final mərhələlərində iştirakçıların səriştələri kimlər tərəfindən qiymətləndirilir?

– Müsabiqənin yarımfinal və final mərhələlərində namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə kadrlar sahəsi üzrə ekspertlərlə iş aparılır. Ekspertlərin seçilməsi kifayət qədər məsuliyyət və diqqət tələb edən prosesdir. Bu səbəbdən ekspertlər seçilərkən ölkənin aparıcı təşkilatları ilə əlaqələr qurulur, təcrübəli insan resursları üzrə mütəxəssis və psixoloqlar müsabiqəyə cəlb olunurlar, müsahibələr keçirilir və nəticədə insan resursları sahəsində ən peşəkar mütəxəssislər seçilirlər. Daha sonra ekspertlərə aparıcı beynəlxalq şirkətlərin nümayəndələri tərəfindən intensiv təlim keçirilir. 

– Müsabiqə ölkəmizə nə qazandırır?

– Azərbaycanda insan kapitalının inkişafına verilən önəmin göstəricilərindən olan “Yüksəliş” müsabiqəsi 2019-cu ildə ölkəmizdə yüksək intellektual səviyyəli və idarəetmə keyfiyyətlərinə malik perspektivli kadrların müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Fərmanı ilə təsis edilən müsabiqə şəffaf seçim mexanizmi vasitəsilə yüksək intellekt və idarəetmə qabiliyyətinə malik perspektivli şəxsləri müəyyənləşdirir, onlara dəstək verir, həmçinin müasir idarəetmədə yeni yanaşmaları üzə çıxarır.

– Müsabiqə qaliblərini hansı imkanlar gözləyir?

– Müsabiqə qalibləri iri şirkətlərin top-menecerlərindən və bir il müddətində onların mentoru olacaq dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq, o cümlədən özünüinkişaf məqsədilə hər birinə ayrılmış 20 000 manat pul mükafatından yararlanmaq imkanı əldə edirlər. Qeyd edək ki, mentorluq proqramı ölkəmizdə yeni konsepsiyadır. Mentorluq liderlik bacarıqlarının inkişafı baxımından şəxsi inkişafı təmin edən üsuldur. Bunu günümüzdə iş dünyasında liderlik bacarıqları arasında önə çıxan öyrənmə bacarıqlarının tətbiqi də hesab edə bilərik.

Bundan əlavə, qaliblərin adları kadrların ehtiyat bankına əlavə olunur. Bu isə onlar üçün açılan yeni imkanlar, hədəflər və yüksəlişlər deməkdir. Azərbaycanın sürətli inkişafı, kadr islahatları, mütərəqqi ideya və təfəkkürə malik gənc liderlərə ehtiyac fonunda “Yüksəliş” müsabiqəsi ölkənin bütün sahələrini yüksək keyfiyyətli kadr potensialı ilə təmin etməyi qarşıya məqsəd qoyub. “Yüksəliş” ölkəmizə istedadlı kadrlar, ölkənin inkişafına dəstək olacaq idarəçilər qazandırır.

“Yüksəliş” sizinlə davam edir! 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir