Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə jurnalistlər üçün gender əsaslı cins seçiminin qarşısının alınması ilə bağlı ”Mediada gender həssaslığının artırılması” mövzusunda təlim keçirilib.
Oxu.Az xəbər verir ki, təlimdə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi tərəfindən ölkənin aparıcı media qurumlarının təmsiçilərinin və tanınmış bloqerlərin iştirakı ilə gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolu müzakirə olunub.
“BMT-nin Əhali Fondu oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi kimi zərərli təcrübələrin qarşısının alınması, habelə qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan mediası ilə sıx əməkdaşlıq edir. Ötən il jurnalistlər və bloqerlər üçün təşkil etdiyimiz təlim böyük maraqla qarşılandı və Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemini mətbuatın və sosial medianın gündəminə gətirdi. Builki təlim mediada gender həssaslığının artırılması üçün nəzəri və praktik məlumatlarla zəngin bir məzmunu əhatə edirdi. Biz gender əsaslı cins seçimi ilə mübarizədə və qız uşaqlarının dəyərini təşviqində medianın rolunun böyük olduğuna inanırıq”, – deyə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin rəhbəri Fərid Babayev bildirib.
Qeyd edək, hazırda Azərbaycan doğulanlar arasında cins nisbətinin pozulduğu ölkələr arasında dünyada birinci yerdədir. 2022-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 112 oğlan düşür. 2021-ci ildə isə bu rəqəm hər müvafiq olaraq 100/116 nisbətində olub (100 qız, 116 oğlan).
Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçiminin qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlər və bu fenomenin səbəb ola biləcəyi mənfi nəticələr haqqında danışıblar. İştirakçılar mediada gender həssaslığının artırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolundan danışıblar.
Təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.























www.102info.az