Yeni qaydalara əsasən, Dənizkənarı Milli Park ərazisində maksimal sürəti 17 km/saat olmaqla skuterlərin hərəkətinə icazə verilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
O bildirib ki, insanların asudə vaxtlarını bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.
“Vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.
Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etmələri, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək”, – Ə.Mehdiyeva deyib.
Bəs vətəndaşların şəxsi skuterlərində bu qaydalara nəzarət mexanizmi hansı formada həyata keçiriləcək?
Mətbuat katibi sualımıza cavab olaraq qeyd edib ki, artıq bununla bağlı müəyyən olunmuş tətbiq var:
“Bu qayda yalnız Dənizkənarı Milli Park ərazisində skuter idarə edilməsinə aiddir. Belə ki, istər şəxsi, istərsə də icarəyə verilən skuterlərə müəyyən olunmuş tətbiq yüklənməlidir. Həmin tətbiqdə xüsusi ayrılmış marşrut üzrə sürət həddi 17 km/saat olmaqla sürülməlidir. Buna ərazidə xidmət aparanlar nəzarət edəcəklər”.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Dənizkənarı Milli Park ərazisində skuterlərin hərəkətinə 01.06.2023-cü il tarixindən məhdudiyyət qoyulmuşdu. Məhdudiyyət tətbiq olunduğu gündən Dənizkənarı Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi məsələsinə yenidən baxılması ilə bağlı idarəyə çoxsaylı müraciətlər daxil olub.
Könül Cəfərli
www.102info.az