Yay məzuniyyəti dönəmi “tikinti mövsümü”nü qızğın fazaya keçirib. Paytaxtın, demək olar ki, əksər istiqamətlərində tikinti və təmir işləri gedir. Bəs tikinti materiallarının qiymətində hansı dəyişiklik var?
Oxu.Az-ın əməkdaşları sualın cavabını tapmaq üçün bu dəfə Dərnəgül yolunda yerləşən tikinti və inşaat materialları bazarlarına baş çəkiblər.
Bazara daxil oluruq. İsti havada ətrafda heç kimi görmürük. Satıcılar özləri üçün kiçik, kondisionerli yerlər düzəldib, oturublar. Çox satıcı çəkiliş üçün gəldiyimizi öyrəndikdə bir-birlərinə “bunlar alıcı deyil” deyib qapını, pəncərəni bağladı.
Elə biz də ərazidə alıcı görmədik…
Bayram Səfərov adlı satıcı deyir ki, taxtanı kim neçəyə istəyir, satır:
“Hazırda taxtanın 1 kubmetrini 300 manat civarında təklif edirik. Ötən il bundan baha, 420 manat idi. Heç alan da yoxdur. Elə istidə burada otururuq. Biz də istəyirik ki, qiymət ucuz olsun. Çünki alan yoxdur. Bunlar gətirilmir ki, burada topa yığılsın…”
Bayram kişinin yanında olan bir işçi əli ilə bazarı göstərərək: “Elə ətrafa baxanda alıcının olub-olmadığı məlumdur də”, – deyir.
Bazardakı hansı satıcıya yaxınlaşırıqsa, alıcı qıtlığından danışır.
Armatur satışı ilə məşğul olan Elman adlı satıcı deyir ki, armaturun qiymətində ötən il nisbətən azalma olub:
“Armaturlar arasında sex, zavod malı, Rusiya istehsalı olanlar var. Hərəsinin öz qiyməti var. Armaturun bir tonunu 1 200 manata təklif edirik. Keçən il isə bu rəqəm 1 150 manat idi. Ölçüsü 12-lik olan armaturun 1 metri 1-1,05 manat, 14-lük isə 1,39 və ya 1,43 manatdır. Demək olar ki, alıcı yoxdur. İyun, iyul, avqust və sentyabr ayları tikinti mövsümü sayılır. Amma bu il heç nə sata bilmirik”.
Daha sonra Dərnəgüldə digər bazara üz tuturuq.
Burada da demək olar ki, eyni mənzərədir.
İsti havada bazarda yükləri maşınlara yerləşdirmək üçün gözləyən fəhlələr, satıcılar və bir-iki qiymət soruşan müştəri var.
Satıcılar deyirlər ki, ölkəmizə tikinti materialları, əsasən, Rusiya və Türkiyədən idxal olunur. Son dövrlər bir neçə ölkənin Rusiyaya qoyduğu sanksiyalardan dolayı problem olur.
Qum satışı ilə məşğul olan satıcılara yaxınlaşırıq.
Onlar bir kisə çınqılı 50 qəpiyə təklif edirlər:
“Çəkisi 10-15 kiloqram olur. Kisənin 80 ədədi 1 kubmetr edir. Biz əvvəllər çox gətirə bilirdik, ucuz satırdıq, indi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərəzi qoyulub, yükü çox olan maşınların gəlməsinə icazə vermirlər. Onun üçün qumun qiyməti azalmır”.
Öyrənirik ki, əvvəl bir kisə sement 6,50 manat idisə, hazırda qiymətlər 7-8 manat arasında dəyişir.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Oxu.Az-a açıqlamasında bildirib ki, tikinti materiallarının qiyməti ötən illə müqayisədə stabildir:
“Hətta bəzi məhsulların qiymətlərində azalma var. Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra bu ölkələrdən idxal azaldı və qiymətlər sürətli şəkildə qalxdı. Daha sonra bir neçə ölkənin Rusiyaya qoyduğu sanksiyalardan dolayı ölkəmizə tikinti materiallarının idxalı artdı. Ötən illərdə taxtanın 1 kubmetri 480 manata kimi idisə, hazırda 320-350 manatdır.
Eyni zamanda, fanerlərin qiyməti 45-48 manat idi, hazırda 22-24 manatdır. Ötən il dəmir, taxta çox baha idi. Yerli istehsal və yaxın ölkələrdən gətirilən məhsullarda cüzi artım var. Sementin qiyməti də haradasa 1 manat artıb. Kərpic və mişardaşının qiymətində çox cüzi artım var – təxminən hərəsində 5 qəpik”.
O qeyd edib ki, tikinti materiallarında da qiymətlər mövsümə uyğun dəyişir.
Bazarda ən ucuz dam örtüyünün bir kvadratmetri 4,20 manatdan başlayır.
Satıcı deyir ki, bu məhsullar, əsasən, Çin və Koreyadan gəlir:
“Dam örtüyünün qiymətində bir gündə üç manat artım da oldu…”
Ümumi bazarda xırdavat mallarının qiymətində 20-40 faizə qədər artım var. Bütün növ lampaların, kabellərin və bu kimi malların qiyməti ən azı 15-20 faiz bahalaşıb.
Alıcılar da qiymətlərin artmasından gileylənirlər.
Rauf Mehdiyev adlı sakin deyir ki, qiymətlərdə artım çoxdur:
“Ötən il bundan da çox idi. Taxtanın 1 kubmetrini 420 manata almışdım. İndi bu rəqəm bir az azalıb. Amma ölçüləri düz gəlmir. “Dördlük” taxta, “beşlik” taxta var. Hansı olsa, digərinin adına satılır”.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
www.102info.az