“Məzun günü”, yoxsa “cinin şüşədən çıxdığı gün”?

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Bizim vaxtımızda may ayının 25-də qeyd edilirdi “Məzun günü”. Müasir gəncliyimiz isə bu təqvimi dəyişdiriblər.

Bütün hallarda ayın, günün heç bir fərqi yoxdur. Əsas odur ki, uşaqların canı məktəbdən qurtarır. Bəzi hallarda isə məktəbin onlardan canı qurtarır. Beləcə qarşılıqlı “sevgi” üzərində qurulan münasibət və davranışlar sistemi 11 illik mücadilədən sonra yekunlaşır. 

Bu illər ərzində kim nə qədər savada, biliyə nail oldusa bu onun öz hünəridir, fərasətidir. İndi elə bir dövrə gəlib çıxmışıq ki, zorla oxutdurmaq da olmur. Əgər o başa bir şey girmirsə, nə qədər əlləşsən də, axırda öz bildiyini edəcək. Bütün hallarda isə bizim məzunlara, gənclərə eşq və sevgi arzu edirəm. Biliyə, savada, təhlilə, araşdırma aparmağa qarşı sevgi. Çox yox, bir az olsa işimiz xeyli düzələr. 

Hər birinə bu həyatda öz yerlərini tapmağı tövsiyə edirəm. Çünki bir başqasının yerində oturmaq adama zülm verir. Nə özün həzz ala bilirsən, nə də başqasına imkan vermirsən. 

İndi keçirəm əsas məsələyə. 

Bu “Məzun günü” hər nə qədər pozitiv, şən, müsbət hadisə və xatirələrlə dolu olsa da, bu gün “Cinin şüşədən çıxan günüdür”. 

Tam səmimi deyirəm. Özü də bu “cin” bəzən “Ölüm mələyinə” çevrilərək gənclərin həyatına son qoyur. 

Düşündüm ki, bu bayram günündə heç kimin qanı qaralmasın deyə, heç kim gecəni xəstəxanada travmatologiya şöbəsində keçirtməsin deyə həm valideynləri, həm də məzunları xəbərdar edim.  

Çünki eyforiyaya qapılaraq müəyyən addımlar atıla bilər ki, bu da sonrakı peşmançılıqdan savayı heç nə verməyəcək. 

Əziz valideynlər, bu gün uşaqlardan heç vaxt olmadığı kimi muğayat olun. Gözünüz dörd olsun. Məzun olmaq onlar üçün sanki azadlığın ən pik nöqtəsidir. 

Çünki bir sıra qadağalara “məktəbi bitir, edərsən” cavabı verildiyindən, bu gün onların üçün limitsiz azadlıq günü, olmazların olduğu, zəncirlərin qırıldığı gündür.

Ona görə də, nəqliyyat vasitələrinin idarə olunması və s. “böyük işləri” onlara həvalə etməyin və heç bir halda buna icazə verməyin. Nə dillər töksələr də, nə yalvarışlar etsələr də. Maşının açarını atın dənizin dibinə, amma onlara verməyin. 

Alkoqollu içkilərdən həddən ziyada istifadəyə imkan verməyin. Çalışın ümumiyyətlə istifadə etməsinə icazə və imkan verməyin. Səhərə kimi gəzintidə olacaqlarsa, mütləq nəzarət edin. Uzaqdan-yaxından gözünüz üstlərində olsun. 

Ay çaya, dənizə gedək desələr, ya buraxmayın, ya da ayaqlarına ip bağlayın ki, bir oyun çıxartmasınlar. 

Çünki əvvəlki illərdə bir sıra neqativ hadisələr yaşandı ki, hər biri ehtiyatsızlıq və laqeydliyə görə baş verdi. Sonu da faciə, yarıda qalan ömür, geridə qalan yarımçıq arzular…

“Əşi, heç nə olan deyil” düşünüb 16-17 yaşlı gəncləri təhlükəyə atmayın. Onlar inanın ki, təhlükənin nə olduğunu bilmirlər. 

Hadisə isə bir dəfə olur. Qoy bu gün sizə hirslənsinlər, incisinlər, küssünlər, amma gecə sağ-salamat gəlib öz çarpayılarında yatsınlar. 

Hələ qarşıda o qədər görəcəkləri işlər var ki… Ali məktəbə qəbul olmaq, peşəyə yiyələnmək, sevdiyi işlə məşğul olmaq, karyera qurmaq, səyahət etmək, dünyanı kəşf etmək, yeni-yeni məlumatlar əldə etmək, uğur və təbii ki, yaxşı pul qazanmaq. Ona görə də bu gün “cinin şüşədən çıxmasına” imkan verməyin. 

Onsuz da bizim cəmiyyət olduqca məsuliyyətsiz, “məndən ötdü, qardaşıma dəydi” düşüncəsi ilə yaşayır. Bizə avtomobildə kəmər taxmağı, hay-küylə, qara-qışqırıqla avtobusa qarşıdan minib, kartla ödəniş edib, arxadan düşməyi güclə öyrədiblər. 

Bizə hələ də küçəyə zibil atmağın pis olmasını başa sala bilməyiblər. Biz hələ də düşünürük ki, küçədə yüksəkdən danışmaq, gülmək, qışqırmaq ayıb deyil. Və s. 

Ona görə də hər kəs öz balasından bu gün, bu axşam, bu gecə muğayat olsun. Necə deyirlər əlinizdə-ovcunuzda qalsın. Şad, xoşbəxt günlərini görəsiniz. 

Sonda isə ən sevdiyim duanı deyirəm, Allah hamının balasını qorusun, mənim bircəciyimi də.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir