Sabunçu Rayon İcra Hakimiyyəti Zabrat-Kürdəxanı yolu ərazisində yerləşən Məmmədli gölünün ərazisinə atılan tullantıların yandırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
İH başçısının Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev Oxu.Az-a bildirib ki, qeyd olunan sahə Sabunçu rayonunun inzibati ərazisinin hüdudları daxilindədir:
“Nəzərinizə çatdırırıq ki, ayrı-ayrı vətəndaşların istifadəsində olan hasarlanmış sahə Rayon Kommunal Təsərrüfatı idarəsinin dislokasiyasına aid deyil. Buna baxmayaraq, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən həmin ərazi tullantıların yığılması və ya yandırılması ilə bağlı halların təkrarlanmaması üçün daimi nəzarətə götürülüb”.
14:27
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolu ərazisində yerləşən Məmmədli gölünün ərazisinə atılan tullantılar yandırılır.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin gölün tikinti və məişət tullantıları ilə çirkləndirildiyi bildirilir.
Tullantıların yanması ilə ətrafı tüstü bürüyüb.
Qeyd edək ki, ötən il ərazidə yaşayan sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etdikdən sonra kimsə (kimlərsə) oranı hasarlayıb.
İlhamə Əbülfət
www.102info.az