15 İyun – Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Hövsan, Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Göygöl, Salyan və Ağsu rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 100 mənzil və fərdi ev təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Göygöl rayonunda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib.
Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramının əsası qoyulub və ötən dövrdə uğurla davam etdirilib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı uğurla davam etdirilir. Bu il artıq 360, postmüharibə dövründə 4 860, ümumilikdə ötən dövrdə 13 660 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ölkəmizin hər bir bölgəsində olduğu kimi, Göygöl rayonunda da şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu, bu sahədə görülən işləri diqqətə çatdırıb.
Mənzillərlə təmin edilən vətəndaşlar sosial dəstəklə əhatə olunduqlarından razılıqlarını bildirib, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
www.102info.az