İlin ağır, gərgin iş yükünün gətirdiyi yorğunluğu atmaq üçün insanlar isti yay günlərində məzuniyyətə üz tuturlar. İstirahət üçün ən uyğun məkanlar, vaxt seçilir, məzuniyyət yazılır. Amma belə də olur ki, kimsə bir neçə il ard-arda məzuniyyət günlərinin hamısından istifadə etmir, eyni zamanda, bunun üçün kompensasiya alacağını düşünür.
Bəzən işçilərdə məzuniyyət pulunun düzgün hesablanmadığı qənaəti yaranır. Bəs istifadə edilməmiş məzuniyyətə görə kompensasiya vergiyə necə cəlb edilir? Bütün bunlar qanunla necə tənzimlənir?
Oxu.Az-ın bu və digər suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb.
O bildirib ki, məzuniyyətə görə pul əvəzi iki şəkildə – cari və keçmiş illərə görə kompensasiya şəklində ödənilə bilər:
“Hər iki halda ödənilən kompensasiyanın vergi və sosial sığorta haqlarına cəlb edilib-edilməməsi və ya hansı şəkildə cəlb edilməsi bəzən çaşqınlıq yaradırdı. Bununla bağlı Dövlət Vergi Xidmətinin izahatı var.
İzahata görə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın vergi və sosial sığorta haqqına cəlb edilməsi aşağıdakı şəkildə aparılmalıdır:
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.
Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır”.
Ekspert onu da əlavə edib ki, iş yerinin dövlət və ya özəl sektor olmasından asılı olaraq, hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə (Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2 500 manatadək olduqda 200 manat, illik gəliri 30 000 manatadək olduqda, 2 400 manat məbləğində olan hissəsi) müəyyən edilən 200 manat azadolma məbləği çıxılaraq digər məbləğlər hesablanacaq.
Qeyd edək ki, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən (Məcburi dövlət sosial sığorta haqqı), bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin üç faizi. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən yeddi il müddətində aşağıdakı dərəcələrlə ödənilir:
Oxuculara daha aydın olsun deyə hesablanma qaydasına nümunə olaraq qeyd əlavə edirik.
Əməkhaqqıdan hesablanan sosial sığorta haqqı:
İşçidən: 200 x 3% = 6 manat (200 manatadək);
200 x 10% = 20 manat (200 manatdan çox olan hissə);
Cəmi: 6 + 20 = 26 manat.
İşəgötürəndən: 200 x 22% = 44 manat (200 manatadək);
200 x 15% = 30 manat (200 manatdan çox olan hissə);
Cəmi: 44 + 30 = 74 manat.
İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan hesablanan sosial sığorta haqqı (yuxarıdakı əməkhaqqı misalına müvafiq olaraq):
İşçidən: 200 x 3% = 6 manat;
179 x 10% = 17,9 manat;
Cəmi: 6 +17,9 = 23,9 manat.
İşəgötürəndən: 200 x 22 = 44 manat;
179 x 15% = 26,85 manat;
Cəmi: 44 + 26,85 = 70,85 manat.
Könül Cəfərli
www.102info.az