“Həssas uşaq qrupları ilə iş istər pandemiya, istərsə də sonrakı dövrlərdə daim diqqət mərkəzində olub. TƏBİB hər zaman həssas qrupların, xüsusilə də uşaqların üzləşdiyi sağlamlıq problemlərinin həlli istiqamətində fəal iş aparır”.
“Report” xəbər verir ki, bu fikirləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “Həssas Uşaqlara Tibbi Dəstək Proqramı” layihəsinin təhvil-təslim mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması məqsədi ilə Koreyanın Azərbaycandakı səfirliyi ilə bir sıra avadanlıqların ianə edilməsi barədə danışıqlar aparılıb:
“Danışıqlar müsbət nəticələndi və bu gün bir sıra tibbi avadanlıqlar TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzinin və Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının istifadəsinə verilir”.
V.Qurbanov əlavə edib ki, TƏBİB-in bu il qarşıya qoyduğu hədəflər arasında ana və uşaq sağlamlığı ilə bağlı tədbirlərin gücləndirilməsi, bununla bağlı neqativ halların azaldılması, vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsinin, xidmətlərə əlçatanlığın yüksəldilməsi, tibbin ən son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməklə insanlara müasir standartlar səviyyəsində tibbi xidmət göstərmək öz əksini tapır.
O vurğulayıb ki, bu müasir tibbi avadanlıqlar ehtiyacı olan uşaqlara yüksək keyfiyyətli tibbi xidmət göstərmək imkanlarını artıracaq.
Xatırladaq ki, ianə edilmiş avadanlıqlar defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulmuşlarda tənəffüs çatışmazlığının profilaktikası məqsədi ilə qeyri-invaziv cihaz, yenidoğulanlar üçün küvəz və radiant qızdırıcı, fototerapiya cihazı və oksigen tənzimləyicidən ibarətdir. Avadanlıqların ümumi dəyəri 300 000 ABŞ dolları (510 000 manat) təşkil edir.
Defibrilyator həyatı təhlükəsi olan pasiyentlərdə ürək ritminin pozulması hallarında ürəyin fəaliyyətini bərpa etmək üçün nəzərdə tutulub. Defibrilyator vasitəsilə monitor rejimdə elektrokardioqrafiya (EKQ) müayinəsi, saturasiya, qan təzyiqi, bədən hərarətini və digər həyat üçün vacib hemodinamik göstəriciləri ölçmək mümkündür.
Böyüklər, uşaqlar və yenidoğulmuşlar üçün nəzərdə tutulan və çoxsaylı ventilyasiya rejimlərinə malik 2 ədəd anesteziya aparatı 38 sm ölçüdə rəngli monitorla təchiz edilib. 3 ədəd fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.
İanə edilmiş 5 ədəd küvəzdə havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvəzlər rentgen kasetlərlə təchiz edilib.
6 ədəd süni tənəffüs aparatı İntensiv terapiya şöbələrində pasiyentləri fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub. 33 sm ölçüdə toxunma ekranla təchiz edilən cihazda müxtəlif ventilyasiya rejimlərini seçmək mümkündür. Xəstəxanadaxili nəqliyyat rejimi pasiyenti fasiləsiz sürətdə ventilyasiya ilə təmin edərək tibb müəssisəsi daxilində süni tənəffüs aparatına qoşulu vəziyyətdə daşımağa imkan verir. Daxili enerji saxlayıcı elektrik enerjisi kəsildikdə, cihazın 150 dəqiqə fasiləsiz işini təmin edir.
www.102info.az