“Azərbaycan bütövlükdə tektonik cəhətdən aktiv regiondur, seysmik ocaqlar bir-biri ilə həmsərhəddir, onların hamısı sistemli şəkildə bir-biri ilə bağlıdır. Onu da əlavə etmək yerinə düşər ki, Bakı və Abşeron yarımadası üçün belə təhlükə mənbəyi təkcə Xəzər dənizi deyil, Şamaxı-İsmayıllı (bunlar iki ayrı mərkəzdir, amma mən onları birləşdirirəm) ocağıdır”.
Bu sözləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin müdiri, professor, elmlər doktoru Qulam Babayev Media.az-a müsahibəsində deyib.
O, həmçinin bildirib ki, ocağın quruda və ya dənizdə olması bu məsələdə heç bir rol oynamır:
“Söhbət Bakıdan gedirsə, o zaman ocağı şəhərə yaxın yerləşəcək yüksək maqnitudalı zəlzələ zamanı bu təbiət hadisəsinin ciddi nəticələrini gözləmək olar. Daha bir məqama diqqət yetirməyə dəyər. 2000-ci il noyabrın 25-də ölkəmizdə baş vermiş zəlzələni yada salaq (Azərbaycanda baş verən ən güclü zəlzələlərdən biri, 22 nəfər həlak olmuşdu – red.). O zaman təkan ikiyə bölünmüşdü. İndi də eyni şey baş verdi. Belə olduğuna görə çox şanslıyıq. Əgər 2000-ci il noyabrın 25-də bir təkan olsaydı, nəticələri çox ağır olacaqdı”.
Q.Babayev Azərbaycanın seysmoloji xəritələri ilə bağlı fikirlərini də açıqlayıb:
“Bizdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırma xəritələri (ilkin seysmikliyin dəqiqləşdirilməsi materialları əsasında müəyyən seysmik ərazinin təyin olunması, mühəndis-geoloji araşdırma məlumatları üzrə lokal qrunt şəraiti nəzərə alınmaqla detallı seysmik rayonlaşdırma – red.), Abşeron yarımadası üçün model xəritələr var. Onların hamısı Geologiya və Geofizika İnstitutunda, mənim şöbəmdə tərtib edilib.
Bu materiallar beynəlxalq standartlara və geniş istifadə olunan üsullara uyğun hazırlanıb. Həmin xəritələr aydın göstərir ki, Bakının bütün rayonları eyni deyil: bizdə doqquz, səkkiz, yeddi, altı ballıq zonalar var. Mövcud məlumatlara əsasən, paytaxtın sahilboyu zonaları, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyası və şəhərin mərkəzi doqquz ballıq ərazilər hesab edilir.
Lakin bununla belə, Azərbaycanda seysmik risk xəritələri yoxdur (onlar bina və tikililərin seysmik müqavimətinin vizual təsvirini verir). Onun hazırlanması zəhmətli və uzun prosesdir. Mən bu sahənin mütəxəssisiyəm, bütün nəzəriyyə və praktiki yanaşmanı bilirəm. 2010-cu ildə mən hətta seysmik risk xəritəsinin tərtibatı ilə bağlı elmi məqalə dərc etdirdim. Amma təəssüf ki… Daha çox şərh verməyəcəyəm”.
www.102info.az