Əkinləri batıran internet: Gəlirləri risk altında qalan fermerə kim kömək etməlidir? – FOTO

Cəmiyyət


Geridə qoyduğumuz ayın son günlərində hava şəraitinin kəskin dəyişməsi ölkənin müxtəlif bölgələrində çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, heyvandarlıq, arıçılıq təsərrüfatlarına zərər dəyib.

Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edib ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kimi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər görmüş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək.

Ancaq məlum oldu ki, təsərrüfatını sığortalayanların sayı elə də çox deyil.

Bəs görəsən, azərbaycanlı fermerlər nə üçün öz təsərrüfatlarını risklərdən qorumaq üçün kütləvi şəkildə aqrar sığortaya müraciət etmirlər? Bu sahədə fermerlərin qarşısında hansı maneə var? Hansı addımlar atılmalıdır ki, fermerlərin təsərrüfatlarını sığortalaması kütləvi hal alsın?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən sığorta məsələləri üzrə ekspert İlkin İbrahimovun sözlərinə görə, bu məsələ ölkəmizdə xüsusiləşmiş “Aqrar sığorta haqqında” Qanunla tənzimlənir:

“Bu qanun həm sığortalanma qaydalarını, həm də dövlət tərəfindən güzəştləri ehtiva edir. Bütün dünyada aqrar sahədə risk daha çox olduğuna görə dövlətlər ödənişlərin bir hissəsini öz üzərinə götürür. Bizim ölkəmizdə də belədir. Dövlət sığorta haqqının bir hissəsini, yəni 50 faizini özü ödəyir. Digər hissəsini isə vətəndaş ödəyir”.

Ekspert qeyd edib ki, Aqrar Sığorta Fondu və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Türkiyənin “Tarsim” modelinin prototipidir:

“Bütün komponentlər və öyrənilmə ilə bağlı məsələlər Türkiyə modelindən götürülüb. Sığorta ilə bağlı müəyyən çətinliklər var. Sığortaya cəlb olunma məcburi və könüllü qaydada aparılır. Məcburi qayda odur ki, torpağa görə subsidiya alırıqsa, o zaman həmin torpaq sahəsi mütləq sığorta olunmalıdır. Bu, qanunda qeyd olunub. Sığorta edilmirsə, o zaman fermer subsidiya ala bilmir”.

İ.İbrahimov əlavə edib ki, aqrar sığortaya vətəndaşların maraq göstərməməsinin səbəblərindən biri burada elektron şəxsi kabinetin açılması tələbinin mütləq tələb olmasıdır:

“İyun ayında daşqınlar, sel oldu. Kim öz məhsullarını sığortalayıbsa, o zaman “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nə müraciət edə bilər. Orada hadisəyə nəzər yetiriləcək. Kompensasiya verilib-verilməyəcəyi müəyyən olunacaq. Aqrar sığortaya vətəndaşların daha çox maraq göstərməməsinin səbəblərindən biri də müraciət üçün elektron şəxsi kabinetin açılması tələbidir. Sığorta kompensasiyası və sığorta müqaviləsi üçün bu kabinet mütləq qaydada olmalıdır.

Bölgələrdə, xüsusən kəndlərdə, internetə çıxış, innovasiyalardan istifadə az olduğu üçün əlçatanlıq yox dərəcəsindədir. Bunun həll edilməsi üçün könüllüləri cəlb etmək olar – yəni onlar fermerlərə elektron şəxsi kabinetin açılmasına yardım edə bilərlər. Ümumilikdə isə sığortalanma ilə bağlı maarifləndirməni daha əlçatan formada aparmaq, artırmaq gərəkdir”.

Aqrar Sığorta Fondundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, havaların kəskin dəyişməsi, gur yağış, dolu yağması və sel-daşqınlar nəticəsində fermerlərin fonda müraciətləri rekord həddə çatıb:

“İlin əvvəlindən indiyədək sel-subasma və leysan halları ilə əlaqədar sığorta hadisələri üzrə quruma 1 000-dən artıq müraciət daxil olub”.

Fondun Çağrı Mərkəzinin məlumatına görə, müraciətlərin yarıdan çoxu son iki ayda – may-iyunda – qeydə alınıb. Sığorta hadisələri ilə bağlı müraciətlərin böyük hissəsi əkin sahələrinə dəyən zərərlər üzrədir:

“Leysan yağışları və sel-subasma ilə bağlı ən çox müraciət Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Qarabağ bölgələrindən daxil olub. Bütün müraciətlər qeydə alınır. Bunların araşdırılması üçün müstəqil aqrar sığorta ekspertləri artıq ərazilərə ezam ediliblər. Ekspertlər yerlərdə hadisələri qeydə alır, araşdırır, dəyən zərərin məbləğini ilkin olaraq müəyyən edirlər. Zərərin məbləği dəqiqləşdirildikdən sonra sığortalı təsərrüfatlara ödənişlər həyata keçirilir”.

Qeyd olunub ki, fond 2022-ci ildə sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2,4 milyon manat, bu ilin ilk altı ayında isə təqribən 1,2 milyon manat sığorta ödənişi edib və bu məbləğ artmaqdadır.

Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir. Başqa sözlə, fermerlər ikiqat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını, əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir