Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda Kollegiya tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlər və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.
Sonra Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılmış və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilib.
Daha sonra gündəliyə uyğun olaraq Vəkillər Kollegiyasının Elektron Vəkil Komitəsinin Əsasnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirə olunmuş və Komitənin Əsasnaməsi qəbul edilib.
İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, yeni vəkil bürosunun təsisi və s. məsələlərə baxılmış, müsbət qərarlar verilib.
Bundan başqa, iclas çərçivəsində vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılmış, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.
www.102info.az