“Qanunsuz ağac kəsimləri ilə bağlı qanunvericilikdə müxtəlif məsuliyyət növləri var. Hüquq pozuntusu barədə məlumat daxil olduqda araşdırılır. Aktiv qaydada şikayət aidiyyəti qurumlara da ötürülür”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri “Ekologiyanın mühafizəsi” başlıqlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev deyib.
O bildirib ki, ilkin olaraq dəymiş ziyanın həcmi dəqiqləşdirilir:
“Əgər dəymiş ziyanın həcmi çox böyük deyilsə, inzibati xəta haqqında iş başlanır və protokol hazırlanır. Dəymiş ziyanın həcmi ağır olduqda (daha dəqiq desək, qanunvericilikdə bu, 1 000 manatdan çox ziyan kimi qiymətləndirilir) fakt barədə cinayət işi açılır. Düşünürəm ki, qanunvericilikdə tətbiq edilən cəza tədbiri qanun pozuntularına müvafiq seçilib və heç də yüngül cəzalar deyil. Bunu bizim statistikaya nəzər saldıqda da görmək mümkündür. Tərəfimizdən tətbiq edilən inzibati cərimələr, sanksiyalar, məhkəmə hökmü əsasında verilən cəzalar bu istiqamətdə qanun pozuntularının azalmasına xidmət edir. Düşünürəm ki, bu istiqamətdə görülən qabaqlayıcı, maarifləndirici tədbirlər də effektini verir. Zərurət yaranarsa, gələcəkdə bu istiqamətdə tədbirlərin ağırlaşdırılmasına baxıla bilər”.
E.Musayev məsələnin kökündə məlumatsızlığın dayandığına diqqət çəkib:
“Bu sahədə maarifləndirmə işləri artırılmalıdır. Hər problemin həllinin kökündə mütləq mənada maariflənmə dayanır”.
ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə şəhər yaşıllıqlarının məhvi, ağacların qanunsuz kəsilməsinə görə məsuliyyətin qanunvericilikdə daha da artırılması istiqamətində iş aparıldığını qeyd edib.
O bildirib ki, bu istiqamətdə layihə hazırlanır:
“Bakı, Sumqayıt və Abşeronda yaşıllaşdırma sahələrinə, ağaclara vurulan ziyanların qarşısının alınması məqsədilə bir sıra maarifləndirici tədbirlər görürük. Cərimə tətbiqində məqsəd heç kimi məhdudlaşdırmaq deyil. Məqsəd insanların ya bilərəkdən, ya da qanunvericilikdə olan maddələri bilmədikləri üçün etdikləri qanunsuzluqların qarşısını almaqdır. Buna görə çalışırıq ki, insanları maarifləndirək.
Amma cinayət tərkibi yaranan zaman aidiyyəti qurumlara müraciət edirik. Qanunvericilik kifayət qədər sərtdir. Lakin bu kimi hallarla mübarizə aparmaq üçün qanunvericilikdə mövcud olan cərimələrin daha da artırılması istiqamətində işlər gedir. Bu barədə də yekun məlumat ictimaiyyətə veriləcək”.
Könül Cəfərli
www.102info.az