“2023-cü ilin birinci yarımilliyində qanunsuz ağackəsmə ilə bağlı Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən 108 məlumata baxılıb”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri “Ekologiyanın mühafizəsi” başlıqlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin (CTKİİ) rəisi Elnur Musayev deyib.
Onun sözlərinə görə, prokurorluqda qanunsuz ağackəsmə halları ilə bağlı cinayət işləri və inzibati xəta haqqında icraatlar başlanılır:
“Bu istiqamətdə 65 cinayət işi başlanıb, 11-i üzrə araşdırma davam edir, digərləri üzrə isə müvafiq qərarlar qəbul edilib. Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin fəaliyyəti dövründə 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Eyni zamanda, yaşıllıqların mühafizəsi ilə bağlı idarədə altı inzibati xəta haqqında icraat başlanıb”.
“Ətraf mühitin mühafizəsi bizim idarənin əsas fəaliyyət istiqamətlərindən biridir. Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi 2020-ci ildə təsis olunub, fəaliyyəti dövründə idarə tərəfindən 691 inzibati xəta haqqında icraat başlanıb, məhkəmələrdə 18 mülki iddia qaldırılıb, qanun pozuntularından çəkindirmək məqsədilə 115 şəxsə xəbərdarlıq edilib, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair isə 167 təqdimat verilib”, – deyə Elnur Musayev əlavə edib.
Könül Cəfərli
www.102info.az