“Saxta xəbərlərin qarşısının alınmasının ən yaxşı yolu adekvat, dürüst informasiyaların verilməsidir. Dürüst informasiyalar nə qədər tez yayılarsa, feyklərin qarşısı bir o qədər alınar”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Real TV”-də yayımlanan “Real Tədqiqat” verilişinin efirində deyib.
O bildirib ki, sosial şəbəkələrin ciddi fenomenə çevrildiyi bir vaxtda informasiya təhlükəsizliyinə diqqət daha da artırılmalıdır:
“Bu gün hər bir insan smartfon vasitəsilə “bəsit jurnalist fəaliyyəti” göstərə bilər. Belə bir vaxtda informasiyanın qorunması, informasiyanın dürüstlüyü çox vacibdir. Dəfələrlə görmüşük ki, feyk xəbərlər müxtəlif ölkələrdə ciddi təlatümlərə səbəb olur. Sonradan həmin xəbərin saxta olduğu üzə çıxsa da, artıq gec olur. Çünki, artıq proses başlayır və fəal inkişaf edir. Belə xəbərlər bir sıra hallarda taleyüklü məsələyə çevrilir. Odur ki, indi bizim ənənəvi media olaraq dürüst informasiyanı ictimailəşdirməyimiz çox əhəmiyyətlidir”.
F. Hüseynəliyev söyləyib ki, böhran kommunikasiyası ilə bağlı son bir neçə ildir vəziyyət yaxşılaşıb:
“Məsələn, gecə klubunda partlayış baş verdiyi zaman müvafiq dövlət qurumları kommunikasiyanı operativ şəkildə qurdu və dürüst informasiyalar cəmiyyətə çatdırıldı. Amma hələ də müəyyən problemlər var. Məsələn, müəyyən informasiyaların gecikdirilməsi, cümlələrin ağırlığı və s. Bəzən dövlət orqanlarının press-relizlərində də ağır cümlələrə rast gəlinir. Biz isə öz növbəmizdə həmin cümlələri mümkün qədər sadələşdirməyə çalışırıq. Bizim də peşəkarlığımız məhz bundadır”.
O, həmçinin sosial mediaların fəaliyyəti barədə də danışıb: “Sosial mediaya qanunla nəzarət edilmir:
“Məncə, sosial şəbəkələrin ölkədəki çəkisi bir az şişirdilib. Düşünürəm ki, sosial şəbəkəyə istinad doğru deyil. Biz belə addımlarla sosial şəbəkələrin çəkisini daha da artırırıq. Bizim cəmiyyətimiz hələ də xəbərə daha çox inanır, nəinki sosial şəbəkəyə”.
Ətraflı videoda izləyə bilərsiniz:
www.102info.az