“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təkcə ötən il müqavilə bağladığı özəl tibb müəssisələrində həm uşaqlar, həm də böyüklər üzərində 34 mindən çox ürək-damar əməliyyatı icra olunub”.
“Report” xəbər verir ki, bu fikirləri “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransındakı çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
H. İbrahimlinin sözlərinə görə, cari ildə bu rəqəm 16 mindən çox olub:
“Bir zamanlar ölkəmizdə aparılması mümkünsüz olan çox çətin ürək əməliyyatları artıq bir neçə tibb müəssisəsində yerli cərrahlarımız tərəfindən uğurla icra olunur”.
H. İbrahimli qeyd edib ki, xaricdə təhsil alıb Azərbaycana qayıdan həkimlərin sayı da az deyil:
“Qürurverici haldır ki, peşəkar ürək-damar cərrahları öz fəaliyyətləri ilə vətənimizə və millətimizə fayda verib”.
Tədbirdə qeyd edilib ki, konfransın keçirilməsində məqsəd ürək-damar problemlərinin müalicəsinin daha əlçatan və asan olmasını təmin etməkdir.
İki gün davam edəcək konfransın ilk günü “Ürək çatışmazlığında koronar revaskulyarizasiyanın bu günü və gələcək istiqamətləri”, “Ürək qapağı xəstəliklərinin cərrahi müalicəsi” və digər mövzular türkiyəli və yerli mütəxəssislər tərəfindən müzakirə olunacaq.
Qeyd edək ki, konfrans Türkiyənin “Bayraktar Group” Sağlamlıq Turizm Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə keçirilir.
www.102info.az