Şəkidə avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan sürücü inzibati həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan, avtoxuliqanlıq edən və bu kimi əməllərini sosial şəbəkədə paylaşan sürücünü saxlayıblar.
Rayon sakini Elbrus Bilalov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib və ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərar ilə E.Bilalovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati həbs edilib.
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə son 2 ay ərzində keçirilən nəzarət tədbirləri zamanı isə 3 avtoxuliqanlıq, 31 sərxoş vəziyyətdə və 70 sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
www.102info.az