Valyutadəyişmə məntəqələri geri qayıdır? – AÇIQLAMA + FOTO

Cəmiyyət


“Valyuta tənzimi haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Bu orqan Mərkəzi Bank olacaq.

Bəs bu qayda necə tənzimlənəcək?

Sualı Bizim.Media üçün cavablandıran bank sahəsi üzrə ekspert Əkrəm Həsənov mövcud qanunda da oxşar müddəaların olduğunu diqqətə çatdırıb:

“Valyuta mübadiləsi məntəqələri Mərkəzi Bankın icazəsi ilə fəaliyyət göstərir. Bu baxımdan da təklif olunan müddəanı dəyişiklik kimi dəyərləndirmirəm. Sadəcə, həmin məntəqələrin fəaliyyətinə müəyyən qaydalar tətbiq olunacaq ki, bu da qanun qəbul olunduqdan və AMB tərəfindən yeni mexanizmlər müəyyən olunduqdan sonra bəlli olacaq”.

Yeni dəyişikliklərə nəzər yetirdikdə bəzi qaydaların sərtləşdirildiyi açıq görünür. Bu, valyuta mübadiləsi etmək istəyən şəxslərin sıxışdırılması anlamına gəlmirmi?

Əslində, həmin qaydaların sərtləşdirilmədiyini deyən ekspert hesab edir ki, bu gün həmin məntəqələrin fəaliyyətinə elə də ciddi ehtiyac qalmayıb:

“Çünki bütün banklar və filialları bu xidməti göstərirlər. İstənilən küçədə ən azı bir bankın filialı var. Vətəndaşların da valyuta mübadiləsi əməliyyatına olan tələbatı əvvəlki kimi deyil. Bankların bir çoxu hətta qeyri-iş günlərində də fəaliyyətini davam etdirir.

Bundan başqa, valyuta mübadiləsini artıq onlayn şəkildə və pul kartları vasitəsilə də həyata keçirtmək mümkündür. Avropanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarında valyutadəyişmə məntəqələri yoxdur. Bank filiallarının sayı azdır və onlar da valyuta dəyişmirlər. Ona görə ki, bütün əməliyyatlar kartlar vasitəsilə həyata keçirilir”.

Ekspert sonda qeyd edib ki, yeni dəyişiklik həm vətəndaşlara, həm valyutadəyişmə məntəqələrinə heç bir problem yaratmayacaq.

İqtisadçı-ekspert Eyyub Kərimli isə vurğulayıb ki, yeni qaydaya əsasən, valyuta mübadiləsi ilə məşğul olan şəxslər nizamnamə kapitalı kimi müəyyən məbləğ göstərməli və müəyyən tələblərə cavab verməlidirlər:

“Bu məntəqələrin bütün mübadilə əməliyyatları rəsmiləşdiriləcək, onlar kassa çekləri ilə təmin olunacaq və bununla da vergidən yayınma hallarının qarşısı alınacaq. Əvvəllər də buna oxşar qaydalar olub. Belə ki, mübadilə məntəqələrinin mütləq hansısa bir bankın nəzdində lisenziya əsasında fəaliyyət göstərməsi məcbur edilirdi”.

Ölkədə belə məntəqələrin çox az olduğunu diqqətə çatdıran ekspert hesab edir ki, saylarının artırılmasına ciddi ehtiyac var:

“Bu baxımdan, prosesin tənzimlənməsi müsbət addım olacaq. Bu gün əsas məsələlərdən biri odur ki, lisenziyanın əldə edilməsi üçün sadələşdirilmə aparılsın və ya müraciətlərin elektron formasında həyata keçirilməsi tənzimlənsin.

Əgər belə olarsa, həm bu sahə ilə məşğul olan şəxslər qaydalara riayət edərək fəaliyyətini düzgün şəkildə həyata keçirəcək, həm də əhalinin valyutadəyişmə imkanlarını genişləndirəcək və daha əlçatan edəcək.

Bu günə qədər əhali valyuta dəyişmək üçün qara bazarın imkanlarından istifadə edirdi ki, bu da onların aldadılması, əllərindəki vəsaitlərin rəsmi məzənnədən aşağı və ya yuxarı qiymətə dəyişdirilməsi ilə nəticələnirdi və qara bazarın inkişafına səbəb olurdu. Yeni tənzimlənmə bu halların da qarşısını alacaq”.

Yeni qanunun həmin fəaliyyəti göstərən sahibkarların sıxışdırılmasına səbəb olmayacağını deyən ekspert bildirib ki, əgər onların sayı çox olsaydı, o zaman bu barədə düşünmək olardı:

“Əksinə, bu, həmin məntəqələrin sayının artırılmasına səbəb olacaq. Üstəlik, hazırda valyuta mübadiləsini həyata keçirən bəzi bank filialları ilə onlar arasında azad rəqabət yaradacaq. Məntəqələrin sayı artarsa və gələcəkdə üzən məzənnəyə keçid baş verərsə, həm onlar, həm də bank filialları arasında rəqabət qabiliyyəti artacaq və azad məzənnə siyasəti həyata keçiriləcək”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir