Rövşən Əsədov yazır…
Günə Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatla başladıq. Yayılan məlumatda bildirilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.
Təşkilatın erməni əməkdaşlarının Azərbaycan ərazisinə bəyan etmədən, qanunsuz yolla müxtəlif növ siqaretlər, telefonlar və yanacaq keçirdikləri müəyyən edilib. Bu barədə təşkilata dəfələrlə məlumatlar verilməsinə baxmayaraq, onların bu əməllərinin qarşısı alınmayıb və bu səbəbdən də “Laçın” sərhəd-buraxılış məntəqəsi onların üzünə bağlanılıb, faktla bağlı isə müvafiq maddələrlə cinayət işi açılıb.
Hadisənin üstündən saatlar keçdikdən sonra BQXK-nın Bakı nümayəndəliyi “çulunu sudan çıxarmağa” hədəflədiyi bir açıqlama yaydı və təşkilatın humanitar fəaliyyət adı altında törətdiyi qanunsuz əməllərini pərdələməyə çalışdı. Açıqlamada qabardıldı ki, həmin şəxslər təşkilatın əməkdaşı deyillər. Amma nədənsə qeyd olundu ki, onlarla xidməti müqaviləyə xitam verilib. Həmçinin, bu əməkdaş olmayan şəxslər necəsə təşkilatın loqosundan da sui-istifadə ediblər, maşınları da sən demə, icarəyə götürüblər. Daha keçib, yad planetdən gəldiklərini də desəydilər, məzhəkə tamamlanardı.
Hər şeyin bir təsadüf olduğuna, yayılan cəfəng açıqlamaya inansaq belə, yenə də bu, BQXK-nın Qarabağdakı fəaliyyətlərinin qeyri-şəffaf, qaranlıq olduğu gerçəyini dəyişmir.
Ən birinci məqam qurumun Qarabağda qeyri-legitim fəaliyyət göstərməsidir. Bakı ofisi olduğu halda, Ermənistan ofisi ilə koordinasiyalı şəkildə Azərbaycan ərazisinə qaçaqmal yolu ilə mallar keçirirsə, biz bu təşkilatın humanitar missiya daşıdığına necə inanaq? Bakı ofisi olmasına rəğmən, Azərbaycan ərazisində “humanitar” yükün nəqlini həyata keçirən şəxslərin Ermənistan vətəndaşları olmasına nə deyək bəs? Biz necə əmin ola bilərik ki, təşkilatın həmin erməni əməkdaşları tək siqaret, telefon və digər əşyalar keçiriblər, necə inanaq ki, onlar ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə silah-sursat və digər partlayıcı vasitələr keçirməyiblər? Yəni bu açıqlama ilə bizi inandıracaqlarınımı düşünürlər? Təşkilat eyni davranışı qarşı tərəfə də edə bilərmi? Məsələn, hansısa Azərbaycan vətəndaşı Ermənistan ərazisində təşkilatın adından fəaliyyət göstərə bilərmi?
BQXK loqosu altındakı qaçaqmalçılıq faktlarının açıqlanan tarixlərinə nəzər salsaq, ilk hadisənin üzərindən 10 gün keçməsinə baxmayaraq, təşkilat nədənsə sükuta qərq olub və heç bir adekvat tədbir görməyib, eləcə də ictimaiyyəti bu barədə məlumatlandırmayıb. BQXK-nın bu cür qeyri-adekvat davranışı isə DSX-ni məlumatı ictimailəşdirməyə vadar edib. Saatlar sonra təşkilatın məcbur qalaraq verdiyi açıqlama isə hər kəsdə: “Bunlar bizi axmaq hesab edirlər?” sualı yaratdı.
Çünki Azərbaycan vətəndaşlarının ağlına batmayan başqa suallar da var. Əvvəla, Qarabağdakı ermənilər edilən dialoq çağırışlarına cavab verib, Azərbaycan cəmiyyətinə reinteqrasiyaya razılıq versəydilər, bu cür “humanitar missiya” məzhəkələri də olmazdı. İkincisi, Azərbaycan dövləti milliyyətindən asılı olmayaraq öz vətəndaşlarına həmişə yardım edib. Elə Azərbaycan həkimlərinin təcili yardım maşını ilə Xankəndidə halı pisləşən erməni sakinlərə köməyə getdiklərini xatırlamaq yetər. O vaxtdan indiyə heç nə dəyişməyib ki…
Üçüncüsü, BQXK-nın nəinki Vətən müharibəsində, elə ondan öncəki münaqişə illərində də Azərbaycana qərəzli münasibətini unutmamışıq. Bu adını beynəlxalq təşkilat qoyan qurum hər zaman işğalçı Ermənistanın yanında olub, onu dəstəkləyib. Təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış ediblər. Hətta onların cəbhənin qaynar nöqtələrinə gedərək bəzi məlumatları Ermənistanın xüsusi xidmət orqanlarına ötürmələrinə dair informasiyalar, ciddi şübhələr var. Budurmu humanitar fəaliyyət?
Ağıllı, adekvat adamlar bu suala belə cavab verirlər – xeyr! BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti üçün heç bir hüquqi və humanitar zəmin yoxdur. Onun regionda mövcudluğu birbaşa təmasların məqsədli formada qarşısını almağa, həm də reinteqrasiya prosesini ləngitməyə xidmət edir.
Adı Beynəlxalq Qırmızı Xaç olan təşkilat beynəlxalq hüquq prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Onun fəaliyyəti qaçaqmalçılıq deyil, birbaşa üzərinə götürdüyü humanitar missiya olmalıdır. Buna da ki Qarabağda, gördüyünüz kimi, heç bir zərurət yoxdur.
Xankəndi də Azərbaycandır, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Buna görə BQXK-nın Ermənistan tabeli Xankəndi ofisi ləğv edilməlidir. Qarabağda hansısa humanitar fəaliyyət üçün zərurət yaranarsa, bunu Bakı, Ağdam və Bərdədəki ofisləri yerinə yetirə bilər. Bu qədər sadə. Əks təqdirdə isə onların ölkədə fəaliyyət göstərməsi üçün mandatlarına xitam verilməlidir!
www.102info.az