Bakıda tarixi bina sökülür.
Bu barədə memar Əbdül Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Salatın Əsgərova və Bülbül prospektlərinin kəsişməsində yerləşən yaşayış binası yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina 1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən ikimərtəbəli yaşayış binası kimi tikilib.
“Bir neçə gün əvvəl ərazidə çəkiliş aparan yaxın dostum mənimlə əlaqə saxlayıb. Evin sakinləri ilə söhbət zamanı məlum olub ki, evdəki mənzillərin bir qismi artıq alınıb və bina sökülməyə hazırlanacaq”, – deyə Ə.Hüseynov vurğulayıb.
Ə.Hüseynov qeyd edib ki, son vaxtlar memarlıq abidələrinin dağıdılması üçün eyni ssenaridən istifadə edilir.
“Bura mülkiyyətçilərdən mənzillərin alınması, binanın qəsdən qəzalı vəziyyətə gətirilməsi daxildir.
Bundan sonra yeni mülkiyyətçi dövlət strukturlarından binanın qəzalı vəziyyətdə olmasına dair rəy alır. Bu zaman ictimai dinləmələr keçirilimir və peşəkar ekspertlərin rəyi nəzərə alınmır.
Mənfi rəy verilən bina bundan sonra dövlət tərəfindən mühafizə olunan obyektlər siyahısından çıxarılır. Bina sökülür, torpaq sahəsi tam mülkiyyətçinin ixtiyarında qalır.
Ümid edirik, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktı araşdıracaq və memarlıq abidəsinin sökülməsinin qarşısını alacaq”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, memarlıq abidəsinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir:
“Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yayılan məlumatları təsdiq edən heç bir fakta rast gəlinməyib. Eyni zamanda həmin tarixi abidədə yaşayan sakinlər də binanın sökülməsi ilə bağlı onlara hər hansı məlumatın verilmədiyini bildiriblər. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar”, məlumatda deyilir.
www.102info.az