Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin birgə keçirdiyi “Abad məhəllə” layihəsi davam etdirilir.
Oxu.Az xəbər verir ki, layihə əsasında artıq 6 məhəllə abadlaşdırılıb. Belə ki, yollara piyada keçidləri, sürət həddinin aşağı salınması üçün xüsusi maneələr qurulur. Üstəlik həyət daxilində 100-ə yaxın avtomobil üçün parklanma yerləri ayırılıb və uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün oyun qurğuları, söhbətgahlar, idman alətləri və bir çox avadanlıqlar sakinlərin istifadəsinə verilib.
Aparılan tədbirlər zamanı Bakı şəhər DYP-nin baş inspektoru Araz Əsgərli və Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları uşaqlara yol hərəkət qaydaları haqqında məlumatlar verib, onlarla maarifləndirici təlimlər keçiriblər.
Yasamal Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xəqan Teymurov bildirib ki, “Abad məhəllə” layihəsi sakinlərin rahatlığı üçün nəzərdə tutulub. “IDEA” İctimai Birliyi tərəfindən təşkil olunmuş layihə olduğunu vurğulayan şöbə müdiri belə tədbirlərin davam etdiriləcəyini söyləyib.
Dövlət Yol Polisi İdarəsi digər rayonlarda da analoji tədbirlərin keçirilməsi üçün təkliflərə açıq olduğunu bəyan edib.
www.102info.az