İyulun 14-də Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanlarına dair sosial şəbəkələrdə səs yazısı yayılıb.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yayılan səs yazısı həqiqəti əks etdirmir.
Mərkəzdən qeyd olunub ki, imtahan prosesində ləngimə və namizədlərin əlavə stress yaşamaması üçün imtahana dəvət olunan, lakin iştirak etməyən şəxslərin dəqiqləşdirilməsi məqsədilə adları oxunub:
“Diqqətinizə çatdırırıq ki, səs yazısında adıçəkilən şəxslər də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında iştirak etməyib. Ölkənin 13 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 29 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları artıq dörd gündür davam edir. Cari tarixə qədər test imtahanlarında 42 515 namizəd iştirak edib. Müəllimlərin işə qəbulu üzrə müsabiqə yeni və peşəkar kadrların cəlb edilməsi məqsədi daşıyır. Vətəndaşları əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. Bu tipli paylaşımların müəllifləri oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını əsassız məlumatlarla almamalıdırlar”.
www.102info.az