Quba rayonunun ən böyük kəndlərindən biri, turizminə görə Azərbaycanda tanınan ən gözəl yerlərdən biri olan Qəçrəş, təəssüf ki, bu gün zibilliyi xatırladır.
Bu barədə istirahət üçün Qəçrəşə üz tutan şəxslərdən biri sosial şəbəkələrdə paylaşım edib.
Sosial şəbəkə istifadəçisi iddia edir ki, kənddə bir dənə də olsun zibil qabı yoxdur:
“Fikirləşərsiniz ki, zibil qabı yoxdursa, yəqin ki, gəlib zibili toplayan bir xidmət olar. Xeyr, o da yoxdur. Yerli camaat deyir ki, tullantıların toplanması sistemli şəkildə mövcud deyil deyə, onlar zibili ya yandırırlar, ya basdırırlar, ya da dərələrə atırlar. Yerli camaatla yanaşı, xarici turistlər də belə edirlər. Öz ətraf mühitinə daha diqqətli yanaşanlar, həmçinin maşını olanlar zibili 10 km sürüb rayona aparmalı olurlar. Təəssüf ki, hər ailənin də maşını olmur.
Mən elə bilirdim ki, XXI əsrdə nə də olmasa, heç olmasa, zibilin qablara toplanması (emalı daha demirəm), onun vaxtı vaxtında poliqona çatdırılması bir qayda olaraq, hər bir yaşayış məntəqəsində sistemli şəkildə təşkil edilməlidir. Deyəsən yanılmışam. Ölkəyə bu qədər turist gətirən, ölkə əhalisinin ən sevimli guşələrindən sayılan Qəçrəşin təbiəti bu şəkildəki kimi olmamalıdır.
Turizmi bir çoxlarımız sadəcə pullu sənaye kimi görə bilərik, amma turizmin yerli ətraf mühitə vura biləcəyi ziyan nəzərdən qaçmamalıdır. Ölkə ərazisindəki yaşayış məntəqələrinin, icmaların, xüsusən də turistik potensialı reallaşmış guşələrin zibil probleminin olması adi bir hal kimi qəbul edilməməlidir. Bütün dostlardan xahiş edirəm ki, bu postu paylaşaq, aidiyyəti qurumları işarələyək, mövzunu ictimailəşdirək. Mümkün olarsa, bunun kimi digər nümunələri də işıqlandıraq”.
www.102info.az