“8 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Bir neçə il bundan əvvəl elə bildim ki, xəstəliyim bitdi. Amma sən demə bitməyib. Bitdi dediyim yerdən yenidən başladı. Saçlarımı kəsdirmişəm. Heç vaxt xəstəliyimi insanlardan, sevənlərimdən gizlətməmişəm. Hər şeyimi paylaşmışam. İnşallah ki, hər şey yaxşı olacaq, buna inanıram. Oğlum üçün həyatda qalmağa məcburam”.
Bunu Moderator.az-a açıqlamasında Türkiyənin məşhur aktrisası, Yeşilçamın “qəmzəli gözəli” Bahar Öztan deyib.
Aktrisa ölkəmizə olan sevgisindən də danışıb.
“Azərbaycan bizim qardaş ölkəmizdir. Sizin də ölkənizin başı bir çox bəlalar çəkdi, müharibələr oldu, şəhidlər verdiniz. Bütün bu xəbərləri böyük maraqla izləyirəm. İnşallah ki, Allah bundan sonra başınızın üstündəki qara buludları birdəfəlik geri çəkər. Əslində bir neçə il bundan əvvəl Azərbaycana gələcəkdim. Bir layihəyə dəvət almışdım. Amma xəstəliyimlə bağlı olaraq qaldı”, – deyə aktrisa bildirib.
Aktrisa çəkildiyi filmləri qeyd etməyi unutmayıb.
“Yeşilçamın bir çox filmlərində obrazlar oynamışam. Rollar aktyorun, aktrisanın övladlarıdır. Hər rolu oynaya bilirəm. Həm komediya, həm də dram. Çox intizamlı insanam. Kamal Sunalla da, Cüneyt Arkınla da tərəf müqabili olmuşam. Cüneyt Arkın bilirsiniz ki, bizim döyüş filmlərimizdə daha çox rol alan böyük sənətkarımızdır. Mən də onunla çəkilirdim. Təhlükəli səhnələrdə mənə böyük köməklik göstərirdi. Hətta bir dəfə qatarın üstündən də tullanmışıq. Allah ona rəhmət etsin. 4-cü mərtəbədən də tullandığım səhnələr olub. Çəkiliş əsnasında bir dəfə atdan yıxılmışam. Bəzən düşünürəm ki, niyə bunları kaskadyor yox, mən edirəm?! İki filmdə kaskadyorum olub. İndiki ağlım olsaydı, vallah, etməzdim, qorxardım. Gənc idim, gözümdə qorxu yox idi”, – deyə məşhur aktrisa bildirib.
www.102info.az