30 illik zülmün 1 illik rifahı – Ağalı sakinləri danışır – FOTO

Cəmiyyət


“Burada yaradılan hər bir şərait olduqca gözəldir. Evimiz, işimiz var, normal yaşamağımız üçün lazım olan hər cür şərait yaradılıb”.

Bu fikirləri işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd sakini Səbinə Əliyeva “Report”un Qarabağ bürosuna müsahibəsində deyib.

2022-ci il iyulun 19-dan başlayaraq Qarabağa qayıdış proqramı çərçivəsində dörd mərhələdə 41 ailənin təxminən 200 üzvü Ağalı kəndinə köçürülüb. Səbinə Əliyeva da ötən ilin 19 iyul tarixində kəndə ilk qayıdan sakinlərdən biridir.

O bildirib ki, artıq bir ildir öz doğma kəndində yaşayır: “Düşünəndə ki, 30 il düşmənin xaraba qoyduğu bir yerdə qısa müddətdə bu qədər gözəl şərait yaradılıb, adamın inanmağı gəlmir. Olduqca qürur duyuruq, nə yaxşı ki, belə bir dövlətdə yaşayırıq və dünyanı heyrətə salan bir xalqın nümayəndəsiyik”.

Sakinin sözlərinə görə, kənddə yaradılan şərait və yaşam şərtləri insanların kənardan asılılığını tamamilə azaldıb.

“Burada yaradılan hər bir şərait olduqca gözəldir. Evimiz, işimiz var, normal yaşamağımız üçün lazım olan hər cür şərait yaradılıb. Bütün tələbatlarımız yüksək səviyyədə təmin edilir. Özümüz də müxtəlif təsərrüfat işləri ilə gündəlik tələbatlarımızı ödəməyə çalışırıq. Şükür ki, bu gün kənardan nə isə alıb gətirmirik”, – deyə S.Əliyeva bildirib.

Həmsöhbətimiz onu da vurğulayıb ki, ailədə 5 nəfərdirlər. Ağalıya köçəndən sonra ailə üzvləri işlə təmin edilib, iki ailə üzvünə isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı yaradılıb: “Biz hər zaman öz torpaqlarımıza qayıtmağı səbirsizliklə gözləyirdik. Torpaqlarımız azad ediləndə çox sevindik. 30 il az müddət deyil. Aradan illər keçsə də, biz kəndimizə qayıtmaq arzusu ilə yaşayırdıq. Ata-baba ocaqlarımızın bərpa olunması, burada yaşayacağımız günü həsrətlə gözləyirdik. Mən buradan bütün keçmiş köçkün soydaşlarıma səslənirəm ki, doğma yurdumuza dönüş etsinlər. Torpağımızı dirçəltmək bizim vətəndaşlıq borcumuzdur”.

Məmmədov Qədir Oruc oğlu da ötən il iyulun 19-da Ağalıya köçənlərdəndir. O, deyib ki, Ağalıya qayıdışlarından bir il ötsə də, bu müddət onda bir ay təəssüratı yaradıb: “Elə bil ki, bir il yox, bir ay öncə gəlmişik. Bir il ərzində burada çox dəyişikliklər olub. Kəndimizdə yaşam şərtlərini hər gün inkişaf etdirməyə çalırıq”.

Q.Məmmədov vurğulayıb ki, sakinlər kəndin təmizliyinə də xüsusi diqqət yetirilər.

“Ağalı sakinləri 30 il bu yerlərin həsrəti ilə yaşayıblar. Böyük qayıdışın ilk mərhələsində köçmək bizi nümunəvi olmağa da sövq edir. Siz kəndi gəzin, bir yerdə bir dənə tullantı görə bilməzsiniz. Biz bu nümunəni davam etdirmək niyyətindəyik. Ötüb keçən bu 1 il bizə 30 illik həsrətimizi, vətənsiz yaşamaq zillətimizi az da olsa, unutdurub”, – Sakin qeyd edib.

O əlavə edib ki, burda yaşayıb yaratmaqla yanaşı, keçmişi unutmamalı, başımıza gələn müsibətləri gələcək nəsillərə izah etməliyik: “Qoy, hər kəs, gələcəyimiz olan körpələrimiz dünənki acımızı, bugünkü zəfərimizi, gələcək inkişafımızı görsün və bütün dünyaya örnək olmağa davam etsinlər. Biz xoşbəxt nəsilik ki, bu gün bu uğurlarımızı görürük”.

Qeyd edək ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür.

30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb.

Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib.

Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlər və s. mövcuddur.

Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir