Ali Məhkəmədə sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə ittiham olunan Amin Hüseynov, Habil Bədəlov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev və Yasin Əmirli barələrindəki hökmdən verilən kassasiya şikayətləri üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxslər kassasiya şikayətlərini geri götürüblər.
Bu səbəbdən məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinin geri qaytarılması barədə qərar çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Amin Hüseynov 2 il, Habil Bədəlov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev və Yasin Əmirli isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinə (DİN) son dövrlərdə əsasən sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxlu şikayət daxil olub. Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyənləşdirilib.
Baş İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyənləşdirilib. Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər beş şəxslə bağlı əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamanda saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncə şəhərlərindəki ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər barəsində Cinayət məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
www.102info.az