Azərbaycanın bir sıra tanınmış media təmsilçiləri ölkə mətbuatının keçdiyi tarixi yol və hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Əməkdar jurnalist Qulu Məhərrəmli AZƏRTAC-a bildirib ki, hazırda qəzetlər 50 il, hətta 20 il bundan əvvəlki funksiyanı yerinə yetirə bilmirlər.
Onun sözlərinə görə, qəzet bu gün operativlik iddiasını geri götürür, daha çox analitik yazılar yayır:
“Nə vaxt, harada, nə zaman suallarının cavabını onlayn media verir, niyə və necə sualı isə qəzetin öhdəsində qalır”.
“ASAN radio”nun rəhbəri Emin Musəvi deyib ki, rəqəmsal media çox inkişaf edib, amma radio olduqca aktual mediadır və aktuallığını qoruyub saxlayır:
“44 günlük Vətən müharibəsi dövründə internetə məhdudiyyət qoyulanda belə, radio əlçatan idi”.
İTV-nin Xəbərlər Departamentinin direktor müavini Natiq Abdullayev qeyd edib ki, hər bir media qurumunun əsas missiyası maarifləndirmək, məlumatlandırmaq, bəzən də müəyyən informasiyaları təhlil formasında tamaşaçıya çatdırmaqdır:
“Təbii ki, televiziyanın öz qayda və tələbi var, bu da daha çox görüntüyə üstünlük verməkdir”.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev vurğulayıb ki, informasiya agentlikləri hələ ilk yaranan gündən ilkin informasiyanın mənbəyi sayılıblar. O bildirib ki, dünya təcrübəsi də bunu təsdiqləyir:
“Odur ki, ilk məlumatı da cəmiyyətə məhz biz ötürürük. Bizim məlumat əsasında digər kütləvi informasiya vasitələri məzmunu emal edib hansısa əlavələrlə cəmiyyətə çatdırırlar”.
www.102info.az