Ötən gün Abşeron rayonunda hüquqpozmalara qarşı polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli 1 962 fakt aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri iyulun 21-də rayon ərazisində hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Belə ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Hökməli qəsəbəsi sakini Cavid Hüseynov saxlanılıb. Onun üzərindən bir ədəd “Makarov” markalı tapança, bir ədəd daraq və üç ədəd patron aşkar edilib.
Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirən, əvvəllər məhkum olunmuş Heydər Abbasov saxlanılıb. Həmin şəxsdən bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd patron darağı və yeddi ədəd patron aşkar edilib. Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Namiq Şükürov saxlanılıb. Bu şəxsdən iki kiloqramdan çox heroin aşkar edilib.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah saxlayan Zaur Hüseynov tutulub. Onun üzərində bir ədəd TT markalı tapança, bir ədəd patron darağı və üç ədəd patron aşkar olunaraq götürülüb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının qeyd edilən tədbirlər çərçivəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Elşad Lətif oğlu Məmmədov saxlanılıb. Ondan qanunsuz olaraq əldə edib üzərində daşıdığı bir ədəd “Kalaşnikov” avtomatı, bir ədəd daraq və beş ədəd patron aşkar edilib. Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Xırdalan şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Elşad Namiq oğlu Məmmədov da saxlanılıb. Bu şəxsdən satış məqsədi ilə əldə etdiyi üç kiloqram heroin aşkar edilib.
Abşeron rayonunda qeyd edilən tədbirlər çərçivəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan doqquz nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, “isti izlər”lə cinayətin açılması üzrə 12, narkotiklə əlaqəli cinayətlərə görə səkkiz, küçə ticarəti, eləcə də avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 40, xırda xuliqanlığa və xırda talamaya görə 32 fakt aşkarlanıb, mülki axtarışa görə 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 117 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyətdə sükan arxasında əyləşən, eləcə də konstruksiya dəyişikliyi edən 14 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 182 fakt müəyyən edilib. İtkin düşən dörd nəfər tapılaraq yaxınlarına təhvil verilib.
www.102info.az