Sumqayıt şəhərində serebral iflicdən əziyyət çəkən, hərəkət məhdudiyyətli bacısını baltalayaraq öldürməyə cəhd edən 1960-cı il təvəllüdlü Kifayət Nurməmmədovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 26-na təyin edilib.
Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılacaq.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Nurməmmədovaya 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
İttihama görə, K.Nurməmmədova xəstə bacısı, 48 yaşlı Aygün Nurməmmədovanı mülkə görə baltalayıb.
Belə ki, K.Nurməmmədova bacısının qardaşı Elşadın evinə köçmək qərarına etiraz edib. O, ağır xəstəlikdən əziyyət çəkən bacısının evini qardaşının adına keçirəcəyini düşünüb. K.Məmmədova uzun illər bacısına özünün baxdığını deyib.
Hadisə də onun qardaşı Elşad mağazaya gedəndə baş verib. Evdə bacısı ilə baş-başa qalan Kifayət mətbəxdən balta götürərək onun başına zərbələr endirib.
Hadisədən az sonra Elşad mağazadan gəlib və qapının bağlı olduğunu görüb. O, dərhal polisə məlumat verib. Polislərin gəlişindən sonra Kifayət qapını açıb və onun bacısını baltaladığı məlum olub. Dərhal xəstəxanaya çatdırılan A.Nurməmmədovanın həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
www.102info.az