“2023-cü ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də minimum əməkhaqqının 17% artımı (300 manatdan 350 manata) xərclərin artımına səbəb olub”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov qurumun 2023-cü ilin birinci yarısında gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.
Əfqan Cəlilov qeyd edib ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib:
“Təkcə birinci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 manata qədər artırılmasına nail olunub”.
Sədr əlavə edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı, “Postcargo”, “Retail”, “Logistika” kimi irihəcmli layihələrə də start verilib:
“Bundan əlavə, poçt operatorunun “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alması və nəticə etibarilə nağdsız poçt əməliyyatlarının aparılması ilə maliyyə şəffaflığının təmin olunmasında əhəmiyyətlidir”.
İlhamə Əbülfət
www.102info.az