Sabunçu rayonu Zabrat-1 qəsəbəsində avtobus dayanacağı yoxdur.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Sakinlər iddia edirlər ki, avtobuslar gəlib zibil konteynerlərinin yanında saxlayır:
“Ərazidə dayanacaq olduğunu bildirən məlumat lövhəsi var. Lakin sərnişinlərin yağışda, günəşdə dayanmasını nəzərə alıb normal bir dayanacaq qoymayıblar. Qışda yağış, yayda gün başımıza döyə-döyə qalırıq. Onun yerinə məlumatlandırıcı lövhənin altında zibil konteynerləri qoyulub. Avtobus gözləyənə qədər ciyərlərimiz zibil qoxusu ilə dolur.
Bir qədər irəlidə işıqfor var. İki ya üç avtobus ard-arda dayananda tərpənməyə də yer qalmır. Yolda tıxac olur. Üstəlik yolun bir tərəfindən digər tərəfinə keçmək üçün piyada zolağı var, amma bunu yalnız ərazidə yaşayanlar bilir. Çünki piyada zolağı pozulub. Aidiyyəti qurumlar zolaqların rənglənməsini də təmin etmir. Maşın görmür, sürətlə keçir. Bizim piyada zolağı ilə dayanacaq problemimizi həll edən yoxdur”.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, şəhər sosesinin Zabrat qəsəbəsindən keçən hissəsində nişanlanma xətlərinin yenilənməsi planda var:
“Qeyd edək ki, sözügedən yol sahəsində bununla bağlı müvafiq tədbirlərin görülməsi iş planına daxil edilib. Məlumat üçün onu da qeyd edək ki, sözügedən ünvanda səki infrastrukturunun vəziyyəti avtobuslar üçün dayanacaq pavilyonun quraşdırılmasına əlverişli deyil. Bu səbəbdən də həmin hissədə avtobus dayanacaq nişanı qoyulub”.
Könül Cəfərli
www.102info.az