Kubra Məhərrəmova yazır…
Bu nə blokadadırsa, mən də ondan istəyirəm.
Təqribən Bakının Yasamal rayonu boyda ərazisi olan Xankəndidə nə vaxt baxırsan, yeyib-içməkdir, çal-oynasın, vur-çatlasındır. Nə vaxt “Instagram” səhifələrinə baxırsan, toy-büsat, ad günü, diskoteka. Qısası, erməniəsilli vətəndaşlarımız kef edirlər. Özü də səhərə kimi.
O göydə olan Allaha and olsun ki, bir qram paxıllığım yoxdur ha. Nəbadə.
Amma axşam yaxşıca kababdan yeyib, üstündən şərab vurub, səhərə kimi rəqs edəndən sonra yazıq görkəm alıb, “biz humanitar blokadadayıq, yeməyə banan yoxdur, beş nəfərə bir banan yeyirik” deməyin də yeri yoxdur. O yediyiniz banan gəlsin elə gözünüzdən.
Ata canı, adam kişi olar.
Yemisən? De ki, yemişəm.
İçmisən? De ki, içmişəm.
Səhərə qədər kef çəkmisən? De ki, çəkmişəm.
Niyə və nədən qorxursunuz ki? Niyə nə ölünüzə, nə də dirinizə heç hörmət qoymursunuz?
Bu yaxınlarda baş verən hadisəni xatırlayaq.
Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildikləri ərazilərin birində (keçmiş Ağdərə rayonu olduğu bildirilir) faciə yaşanıb. Belə ki, üç və altı yaşında iki uşaq ölüb. Hadisəyə səbəb valideynin iki azyaşlı uşağı evdə tək, nəzarətsiz qoyub şəhərə getməsi olub. Qayıdanda uşaqları evdə tapmayan valideyn müvafiq orqanlara müraciət edib. Səhəri gün isə iki azyaşlı uşağın meyiti avtomobildə tapılıb. Səbəb isə uşaqların oynamaq məqsədilə avtomobilə girmələri, orada yuxuya getmələri və yüksək hərarət nəticəsində ölmələri göstərilir.
Və bunu sübut edən onlarla məqalə və xəbər var internetdə.
İndi erməninin əclaflığına, iki azyaşlı uşağın ölümündən şou düzəltməyinə baxın.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu faktı çevirib, yeddi dəsmalla ağlayaraq “Twitter”də yazıb ki, “Laçın yolunun yeddi aylıq blokadası və “Dağlıq Qarabağ”ın tam mühasirəyə alınması nəticəsində üç yaşlı Leo və altı yaşlı Gita həlak olublar”.
Yəni ermənidən hər əclaflığı gözləmək olar deyəndə belə, bu qədərini gözə almamışdım. İki uşağın ölümü üzərində “humanitar şou” yaratmağın alçaqlıq dərəcəsi nədir, görəsən? Hansı səviyyədə ölçülür?
Ay Ararat, onsuz da, bütün gün telefonla oynayırsan. Xankəndidə baş verən gecə şoularını görmürsən? Şəxsən mən görürəm. Erməniəsilli vətəndaşlarımız videoları çəkib atırlar sosial şəbəkələrə, biz də baxıb arxayın oluruq ki, hər şey qaydasındadır. Yeməkləri var, içməkləri var, işıq-qazları da.
Erməniəsilli qadın vətəndaşlarımız Xankəndidə bütün gün salonlarda qaş-kirpik, saç qaynağı etdirir, manikür-pedikür, gel-şellak edir, qısaca, gözəllik yaşayırlar. Axşam da gedirlər kafe-restoranlara kef çəkməyə.
Hanı bəs burada “gərgin humanitar vəziyyət”? Gərginlik olsa-olsa, axşam ağır şam yeməyindən sonra mədədə yaşanan ağırlıq səbəbindən olar. Ya da çox yeyəndən sonra yuxuda gərginlik yaşana bilər. Və ya axşam çox içəndən sonra səhər gərginlik ola bilər. Ya da evə gec gələndə arvad, ya da ər tərəfindən gərginlik ola bilər. Başqa nə gərginlik ola bilər ki? Əgər ailədaxili məsələləri həll edə bilmirsinizsə, bizim məhkəmə orqanları boşatdırarlar sizi. Nəyin dərdini çəkirsiniz ki?
Düşünürəm ki, erməniəsilli vətəndaşlarımızın qısa zaman ərzində inteqrasiyaya qoşulmaları onlar üçün xeyli dividend yaradacaq. Bircə bir dəstə hiyləgər və cinayətkar adamların əsirliyindən qurtula bilsələr. Bu da onların öz əlindədir. Azad olmaları üçün addım atmalıdırlar.
Məsələyə gəldikdə isə bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın “Laçın” sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir. Bunu da Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib.
İndi, XXI əsrdə heç kimi aldatmaq mümkün deyil. Köpəkoğlunun “Instagram”ı, “TikTok”u hər şeyi açıb-tökür.
Harada nə qələt etmisən, nə yemisən, nə içmisən, kiminlə olmusan – hamısı var.
Ya bunu çəkib sosial şəbəkələrə atma, axıra kimi “yazıq-yetim” rolunu oyna, ya da çəkib atırsansa, kişi ol, arxasında dayan.
www.102info.az