Bu il hepatit B və C diaqnozu qoyulan xəstələrin sayı AÇIQLANDI

Cəmiyyət


Azərbaycanda B və C hepatitlərinin yayılmasına qarşı mübarizə tədbirləri aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, “B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya” fəaliyyət göstərir.

Sözügedən komissiya B və C virus hepatiti infeksiyasına yoluxmuş xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən imzalanmış 10 fevral 2022-ci il tarixli qərara əsasən TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin bazasında yaradılıb. Komissiya tərəfindən ilk xəstələrin qəbuluna 20 aprel 2022-ci il tarixdə başlanılıb.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 31 yanvar 2023-cü il tarixli əmri ilə Komissiyanın Əsasnaməsi təsdiq edilib. Komissiya sədr, katib və beş nəfər ixtisaslı həkimdən ibarət üzvlərdən ibarətdir.

2023-cü ilin iyul ayına qədər “B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya”nın fəaliyyəti nəticəsində 1329 nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır. Komissiyadan keçən xəstələrdən 367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub.

B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1086 (müraciət edənlərdən 82%) nəfər olub. Onlardan 502 (46,2%) nəfər Bakı şəhəri qeydiyyatında olanlardır. Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3%) nəfər hepatit C, 227 (20,9%) nəfər hepatit B, 19 (1,7%) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub.

Hepatitlərin müalicəsinin əlçatanlığını təmin etmək məqsədi ilə ölkənin digər regionlarında da komissiyaların təşkili planlaşdırılır. Əhali arasında viruslu hepatitlərin yayılmasının qarşısını almaq üçün TƏBİB əlaqəli beynəlxalq qurumlarla işi davam etdirməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hepatitlərin eliminasiya strategiyası çərçivəsində 2030-cu ilə qədər hepatitə yeni yoluxmaların 90%, hepatitlə əlaqəli ölümlərin isə 65% azaldılmasını hədəfləyib. Bu məqsədlə hepatitlərin diaqnostikası, immunoprofilaktikası və müalicəsinin ilkin səhiyyə xidmətləri çərçivəsində əlçatanlığı təmin olunmalıdır. Hazırda hepatit A və B-nin qarşısının alınması üçün effektiv və təhlükəsiz peyvəndlər mövcuddur. Bu peyvəndlərin milli peyvənd təqviminə daxil edilməsi ÜST tərəfindən tövsiyə olunub və ölkəmizdə tətbiq olunmaqdadır. Səhiyyə xidmətləri ilə əlaqəli yoluxmaların qarşısını almaq üçün isə donor qanları müvafiq skrininqlərdən keçirilməli, müəssisə daxilində təhlükəsiz inyeksiya qaydalarına əməl olunmalı, tibb işçilərinin peyvəndlənməsi təşviq edilməlidir.

Qeyd edək ki, ÜST-ün 2019-ci ildə verdiyi məlumatlara əsasən, dünyada hepatit C ilə yaşayan insanların sayı 58 milyon, hepatit B ilə yaşayanların sayı isə 296 milyon nəfər təşkil edib ki, onlardan da 1,1 milyon nəfəri 2019-cu ildə bu infeksiyalar və onların təsiri, o cümlədən qaraciyər xərçəngi, sirroz və xroniki virus hepatitlərinin səbəb olduğu digər ağırlaşmalar səbəbindən vəfat edib.

Əlverişli, təhlükəsiz və effektiv müalicə üsulları ilə hepatit B ilə yaşayan insanlarda qaraciyər xəstəliklərinin və qaraciyər xərçənginin qarşısının alınması, eyni zamanda hepatit C ilə yaşayan insanları isə tam sağaltmağın mümkün olmasına baxmayaraq, ÜST-ün hesablamalarına görə, dünyada hepatit B infeksiyasına yoluxmuş insanların yalnız 10%-i, hepatit C infeksiyasına yoluxmuş insanların isə 21%-i öz xəstəliklərindən xəbərdardırlar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir