Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanları keçirir.
DİM-dən bildirilib ki, Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində, digər imtahan isə Bakıda təşkil olunacaq. Hərbi liseylərə qəbul imtahanında 1118, gizir hazırlıq kursuna qəbul imtahanında isə 118 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına altı ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 120 nəzarətçi-müəllim və 12 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib. İmtahanlar bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
www.102info.az