Kino

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Bu gün Azərbaycanda kino günü imiş. Özü də nə az, nə çox 125 yaşı olur. Bu 125 ildə bizim kinonun enişi də oldu, yoxuşu da. 

Azərbaycan kinosunun istinad nöqtəsi 1898-ci il avqustun 2-də Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetləri hesab olunur. 
Sonra bala-bala biz də kino çəkməyə başladıq. 

Tarixi ekskurs etmək fikrim yoxdur. Təkcə onu deyə bilərəm ki, iki mindən çox film çəkib bizim kinoçular. İndi pis, ya yaxşı ona qiymət vermirəm. 

Çünki zamanında sovet dövründə çəkilən bir sıra filmlərimizə həm yerli, həm də beynəlxalq mükafatlar verilib. 

Etiraf edək ki, sovet dövründə yeganə əyləncə elə kino idi. Kino işçiləri də digərlərindən daha hörmətli, izzətli, mükafatlı gəzərdilər. Həm də daha şan-şöhrətli və tanınmış. 

70 il ərzində aşağı-yuxarı, pis-yaxşı dolanan kino əhlinin evi sovet dağılandan sonra uçdu. 

70 il sovetin ideologiyasına xidmət edən “bizim kino” (başqa yolu da yox idi) bir də ayıldı ki, bəs nə kino var, nə çəkiliş, nə də istehsalat. 

Hər yerdə olduğu kimi aclıq və səfalət bu sahəyə də öz qədəmlərini qoydu. 

90-cı illərdə ən çox əziyyət çəkən zümrə etiraf etməliyik ki, intellektual sahədə çalışanlar oldu. 

Çünki ümumən xalq yeməyə çörək tapmayanda kim idi kinoya, teatra, musiqiyə pul verən? 

İncəsənət və elm sahəsində çalışanların bəziləri yeni həyat qanunlarını tez anlayıb alver və ticarətin yeni “düstur”larını kəşf edib, yaşamaq uğrunda mübarizəyə başladılar. 

Bəziləri isə başına uçmuş damın altından çıxa bilməyib ömrünü səfalətdə keçirdilər. 

Əslində bu yaşadıqlarımız özü bir kinodur. Bir adam ola götürüb bunu çəkə. 

90-cı illər Azərbaycan üçün həm də ona görə ağır idi ki, iqtisadi problemlərdən savayı, bir də ölkə boyda Qarabağ dərdi var idi. Ölüm-dirim davası idi. Ömür boyu qapıqonşu olan ermənilər uşaq, qoca, qadın, kişi demədən hamını öldürür, əsir alır, zorlayırdılar. Hər gün kiminsə qapısına şəhid tabutu gəlirdi. Ölkə olaraq sür filmi idik elə. 

Və bu şəraitdə kişilər tapıldı ki, kino çəkdilər. Azərbaycanın dərd-sərini, ağrı-acısını, düşmənin əclaflığını və Azərbaycan oğlunun kişiliyi əks etdirən film. “Fəryad” filmini. Film 1993-cü ildə real hadisələr əsasında çəkilib. Qısa məzmunu da odur ki, “Ögey ana” filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyüyüb, ailə sahibi olub. Qarabağda erməni işğalçılarına qarşı batalyon komandiri kimi mübarizə aparır. Döyüşlərin birində ermənilərə əsir düşür.   

Filmə baxanlar bilir, film emosional, məzmun olaraq çox ağırdır. Hər şey o qədər real təsvir olunub ki, qəhrəmanın yaşadığı hər bir ağrı, hər bir əzab tamaşaçımın iliyinə qədər işləyir. Əsəbsiz, ağrısız filmi izləmək olmur. Həm də filmin elə bil mistik xüsusiyyəti var. 
Baş qəhrəmanı ekranda canlandıran Ceyhun Mirzəyev özü də Qarabağda, Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Bakıda və Moskvada rejissor kimi təhsil alıb. Sonuncu filmi də elə “Fəryad” oldu. Heç filmin premyerasına sağ qalmadı… 

Bu gün də filmi izləyəndə düşünürsən ki, İlahi, o dövr üçün bu cür filmi necə çəkiblər? Pulu, vəsaiti, texnikanı haradan tapıblar? Kino sahəsi həm rəsmi, həm də qeyri-rəsmi vəfat etdiyi halda, bu kişilər Qarabağ dərdini dünyaya çatdırmaq üçün film çəkiblər. 

Filmin ərsəyə gəlməsi təkcə ssenari, aktyor, bədii və texniki tərəfdən ibarət deyil axı. Həm də buna vəsait lazımdır. Pul lazımdır, pul. 
Sağ olsun, o kişilər ki, olan və olmayan yerdən bu filmin çəkilməsi üçün vəsait ayırdılar. Ceyhunun simasında Qarabağ müharibəsində həyatını itirən, mərdliklə döyüşən oğulların xatirəsini əbədiləşdirdilər. Ceyhunun son filmini reallaşdırdılar.  Bəlkə də, elə son arzusunu… 

Filmin sonunda Ceyhunun qəhrəmanını, körpünün üstündə xeyli sayda erməni əsirlərinə dəyişirlər. 

Nə yaxşı bu tarixi fakt filmdə əks olunub. Çünki 90-cı illərdə həqiqətən də bir azərbaycanlı əsir üçün 8-10 erməni əsir tələb edirdilər. Və bu qeyri-bərabər “alver”i beynəlxalq komitələr həyata keçirirdilər. 

İndi sözümü ona gətirirəm ki, kino həm də təbliğat, məlumat ötürülməsi üçün ən uyğun və asan vasitədir. Xəbər bülletenindən, canlı yayım süjetlərindən daha təsirlidir film. Ağladaraq, güldürürək məqsədinə nail olur film.

“Fəryad” filmi isə bu gün belə bu vəzifənin öhdəsindən gəlir. 30 il əvvəlki fəryadın səsini bu günə çatdıra bilir.

Düşünürəm ki, üstündən illər keçəcək, biz 90-cı illərdə baş verən hadisələri, Qarabağda yaşanan acıları “Fəryad”la yada salacaq, bilmədiklərimizi o filmdən öyrənəcəyik. Əsgərlərin əlində olan silahlardan tutmuş, geyimlərinə kimi. Yeri gəlmişkən film internet resurslarda var. Vaxtınız olsa, baxmamısınızsa, mütləq baxın.

Həm də filmə baxanda Azərbaycan dövlətinin haradan-haraya gəldiyini, nələrdən keçdiyini, tarixin hansı çətin günlərindən və sınaqlarından keçdiyini görə bilərik. Çünki insan yaddaşı elədir ki, pis şeyi tez unudur.

Filmin ərsəyə gəlməsində əziyyəti olan hər bir kəsə kino günü təşəkkür edir, gedənlərə isə Allahdan rəhmət diləyirik.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir