Azərbaycanda orta məktəb dərsliklərində mülki müdafiə, fövqəladə hallarda düzgün davranışlar, ilkin tibbi yardım, yol hərəkəti qaydaları – ümumilikdə təhlükəsizlik mədəniyyəti haqqında mövzular epizodik olaraq, həmçinin səpələnmiş qaydada yer alır. Lakin bu istiqamətdə uşaqların aşağı siniflərdən təlim-tərbiyəsinə xidmət edən ayrıca fənn tədris edilmir. Bu isə dəfələrlə təklif kimi hətta parlament səviyyəsində səsləndirilsə belə, real addımlar atılmır.
Bununla bağlı Oxu.Az bir neçə ekspertin rəyini öyrənməyə çalışıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli düşünür ki, bu sahədə daha sistemli və təkmil formada, hesabatlılığın təmin olunduğu şəkildə davamlı, kompleks işlər görmək lazımdır:
“Söhbət tək yol keçməkdən və yol hərəkəti qaydalarını bilməkdən getmir. Bizim uşaqların təlim-tərbiyəsi məsələsində təhlükəsizlik mədəniyyəti ilə bağlı ciddi boşluqlarımız var. Yol hərəkəti qaydalarını düzgün bilməmək də həmin boşluqlardan biridir. Hesab edirəm ki, məktəblərdə 11-ci sinfə qədər uşaqlara ayrıca təhlükəsizlik mədəniyyəti fənni keçirilməlidir. Bununla uşaqların özü ilə yanaşı, valideynlərinin məsuliyyəti artar, uşaq üzərində nəzarət saxlanar.
Təhlükəsizlik mədəniyyəti dərsinin içərisində yol hərəkəti qaydaları, səhiyyə mədəniyyəti, zəlzələ, təbii fəlakət zamanı düzgün qorunma metodları, mülki müdafiə və cəmiyyətdə davranış qaydaları, növbə mədəniyyəti və s. yer ala bilər. Həddi-büluğa çatan uşaqlara isə sağlam həyat tərzi, narkomaniya ilə mübarizə, pis vərdişlərdən qorunma yolları aşılanmalıdır. Yuxarı sinif şagirdləri həm tibbi, həm də mənəvi, əxlaqi, ictimai münasibətlər zəminində bunları bilməlidirlər.
Sonuncu sinifdə isə artıq düzgün dini bilgilər öyrədilə bilər ki, bununla da uşaqların gələcəkdə dini radikal məsələlərə meyil etməməsini sığortalamaq mümkündür”.
Araz Əsgərli xüsusilə vurğulayıb ki, yeniyetmə və gənclərin səhiyyə mədəniyyətində ciddi boşluqlar var:
“Məsələn, təhlükəli bir hadisə baş verir, insanlar kömək eləmək əvəzinə, kənardan baxırlar. Kimisi şəkil çəkir, video qeydə alır… Halbuki, onların səhiyyə mədəniyyəti, ilkin tibbi yardım bilgiləri yerində olsa, köməyə ehtiyacı olan şəxslərə yardım edərlər.
Yəni cəmiyyətə elmlə yanaşı, həyatda yaşamağın qaydalarını da erkən yaşlardan öyrətməliyik. Təhlükəsizlik mədəniyyəti dərsinin proqramına hərbi, müdafiə haqqında bilikləri də əlavə edə bilərik. Aidiyyəti qurumların birgə səyi ilə çox lazımlı dərslik ortaya çıxarmaq mümkündür. Hazırda hərbi hazırlıq və həyat bilgisi fənləri orta məktəblərdə tədris olunur. Amma bunlar yetərsizdir. Mövcud problemlər, ani situasiyalarda insanların necə davranmaq lazım olduğunu bilməmələri göstərir ki, həmin bilgilər cəmiyyətə vaxtında və düzgün çatdırılmayıb”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov məktəblərdə, universitetlərdə tədrisin konkret saat ətrafında aparıldığını xatırladıb:
“Hər bir tədris fənni konkret saatlardan, universitetlərdə kreditlərdən ibarətdir. Yəni biz istədiyimiz fənni istədiyimiz vaxt dərs proqramına sala bilmirik. Tədris proqramına əlavə fənnin salınması asan bir məsələ deyil. Burada dərs saatları, proqram yükü, dərs materialları kimi məsələlər müzakirə mövzusudur. Şagirdlərin tədris ediləcək fənni mənimsəmək imkanı da sual olaraq qalan məqamlardandır.
Ümumiyyətlə, son vaxtlar müxtəlif sahələrə aid məktəblərdə tədrisin təşkil edilməsi üçün təkliflər vermişik. Amma nəzərə almalıyıq ki, əlavə fənnin salınması dərs saatının və dərs yükünün artırılması anlamına gəlir. Ona görə bu, o qədər sadə bir məsələ deyil”.
Deputat düşünür ki, təhlükəsizlik mədəniyyəti haqqında ayrıca xüsusi geniş fənnin tədrisinə ehtiyac yoxdur:
“Bu daha çox təlim, maarifləndirmə, bilgiləndirmə şəklində uşaqlara öyrədilə bilər. Yəni aidiyyəti qurumların iştirakı ilə müxtəlif məlumatlandırıcı və bilgiləndirici tədbirlər, aksiyalar keçirmək mümkündür. Bütövlükdə, fənlərin gündən-günə artırılması müəyyən çətinliklər yarada bilər”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə təklif edilən məlumatların həyat bilgisi fənnində tədris olunduğunu söyləyib:
“İbtidai sinifdə ana dili və riyaziyyatdan başqa digər mövzulara ikinci dərəcəli kimi baxış mövcuddur. Amma düşünürəm ki, bu, yanlışdır. Uşaqlar yol hərəkəti qaydaları, düzgün davranışa yönəlik özünümüdafiə, təhlükəsizlik qaydaları, ilkin tibbi yardım haqqında məlumatlandırılmalıdırlar. Hətta bunu məktəbəqədər təhsil müəssisəsindən başlamaq lazımdır.
Beynəlxalq praktikada fövqəladə hallar işçiləri, yanğınsöndürənlər, polislər, digər insanlar məktəbə gəlir, gördükləri işlə bağlı uşaqlara məlumat verirlər. Bu məlumatlandırma uşaqların anlayacağı dildə edilir. Hətta uşaqlar təsirlənirlər, praktiki olaraq həmin şəxslərin etdiklərini özləri təkrarlayırlar. Uşaqlara ilkin yaşdan bütün bu qaydalar izah edilməlidir. Narkotikdən uzaq durması ilə bağlı hər yaşa uyğun olaraq bilgiləndirmə aparılmalıdır. Adətən, yuxarı sinif şagirdlərinin belə pis vərdişlərə cəlb edildiyinin şahidi oluruq. Ona görə yuxarı sinifdə bu məsələlərin tədrisinə başlamaq bəzən gec ola bilir.
Razılaşaq ki, maarifləndirmə çox bahalı metod olsa da, bunu edə bilərik. Ayrıca bir fənn olmasa da, orta məktəblərdə məlumatlandırma sessiyaları keçirilir. Amma nə dərəcədə effektlidir, bu, mübahisəli məsələdir”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin fikrincə isə əsas məsələ dövlətimizdə hər bir vətəndaşın təhlükəsizliyi üçün çox möhkəm bir sistem qurulmasıdır:
“Hüquq-mühafizə orqanları öz üzərinə düşən vəzifəni yerinə yetirirlər, görülən işlər barəsində məlumat verilir və qanun pozuntusunun olmaması üçün qabaqlayıcı profilaktik işlər görülür. Yəni bu sistemin içərisində, şübhəsiz ki, uşaqlarımızın da məktəblərdə təhlükəsizliyi təmin edilir.
Bakının bütün orta məktəblərində “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir. Gənclər, birincisi, məktəbdə təhlükəsizliyin qorunmasında böyük işlər görürlər. Digər tərəfdən, məktəblərlə də müvafiq situasiyalarla bağlı şagirdlərə məsləhətlər verilir, yardım göstərilir, bilgiləndirmə aparılır. Həmçinin, məşğələ dərslərində məktəbdənkənar tədbirlərdə də müxtəlif təhlükəsizlik tədbirləri ilə bu və ya digər situasiyada özünü nə cür aparmaqla bağlı da məlumatlar verilir. “Məktəblinin dostu” proqramı bu gün Sumqayıtda və Gəncədə də fəaliyyətə başlayıb. Gələcəkdə isə bütün Azərbaycanı əhatə edəcək.
Şübhəsiz ki, azyaşlıların təhlükəsizliyi, maariflənməsi məsələsində valideynlərin, ailələrin də üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm, bunu tamamilə məktəblərin və yaxud tədrisin üzərinə atmaq düzgün olmaz. Valideynlər də öz uşaqları ilə bağlı söhbətlər aparmalı, pis vəziyyətdən, ağır situasiyalardan çıxmağın yolunu göstərməli, çətin durumla üzləşməməklə bağlı xəbərdarlıq etməlidirlər. Valideynlər uşaqların davranışı, hərəkətləri barəsində məlumatlı olmalıdırlar və elə bir sistem yaratmalıdırlar ki, uşaq onlara etibar etsin, bütün mənfi məsələ barəsində ailələrinə məlumat versin.
Ümumilikdə, hər bir vətəndaşımızın, ilk növbədə uşaqların qorunması ümumcəmiyyət məsələləridir və bu məsələdə heç bir zaman biz sayıqlığımızı itirə bilmərik”.
Aysel Aslan
www.102info.az