Bəzən illərlə çalışdığımız müəssisə bir anda bağlanır. Bunun müxtəlif səbəbləri ola bilər. Ancaq burada ön plana çıxan məsələ işsiz qalan şəxslərin təminatıdır.
Hüquqlarını bilənlər bu məsələni müzakirəyə çıxararaq öz haqlarını tələb etməyə cəhd göstərir, qaydalardan xəbərsiz insanlar isə şikayətlənməklə kifayətlənirlər.
Bəs qanun nə deyir? Müəssisə ləğv edildikdə işçiyə işəgötürən tərəfindən hansı ödənişlər olunmalıdırmı?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb.
N.Xəlilovun sözlərinə görə, hüquqi şəxs ləğv edilərsə və ya hüquqi şəxs olmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar fəaliyyətini dayandırarsa, tabeliyində olan işçilərin fəaliyyətinə bu əsasla xitam verilə bilər:
“Belə ki, Mülki Məcəllənin 61.12-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış hesab olunur. Hüquqi şəxsin isə mövcudluğuna son qoyulmuş sayılır. Hüquqi şəxsin ləğvi ilə bağlı qərarı onun təsisçiləri qəbul edə bilərlər.
Fiziki şəxs – işəgötürənin fəaliyyətinə xitam verilməsi dedikdə, belə sahibkarın öz fəaliyyətinə faktiki surətdə xitam verməsi başa düşülməlidir. Bu maddə ilə əmək müqaviləsinə xitam verilərkən müəssisədə işləyən bütün işçilərlə – hamilə qadınlar, yaşı 18-dən az olan, əmək qabiliyyətini müvəqqəti itirən, həmçinin məzuniyyətdə olan işçilərlə olan əmək müqaviləsi ləğv edilir.
Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) bəndi ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
– bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
– bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
– beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
– on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödənilir”.
Oxucuya aydın olsun deyə nümunə qeyd edirik.
Nümunə: Fərz edək ki, işçinin müəssisədə üç il, onda əvvəl isə başqa bir müəssisədə 10 il stajı var. İşdənçıxarma zamanı hansı staj nəzərə alınacaq?
Maddənin tələbindən aydın şəkildə görünür ki, işəgötürən işçiyə həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq işdənçıxarma müavinəti ödəyəcək. Əvvəlki staj nəzərə alınmayacaq.
Bu zaman ona nə qədər işdənçıxarma müavinəti ödənilməlidir?
Ekspert bildirib ki, işçinin beş ildən on ilədək əmək stajı olduğu üçün orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında ona müavinət ödənilməlidir:
“Diqqət edirsinizsə, müavinətin verilməsində minimum hədd müəyyənləşdirilib. İşəgötürən daha artıq miqdarda müavinət verə bilər.
Əmək Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta aylıq əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Bu halda, əməkhaqqı saxlanılan iş günləri olmadığı üçün alınan rəqəmi orta aylıq iş günlərinin sayına vurmaq uyğun hesab edilə bilər.
Məsələn, orta gündəlik əməkhaqqı: (1 655 + 1 796) / (23+20) = 80,26 AZN.
İstehsalat təqviminə əsasən, orta aylıq iş günlərinin sayı 20,08-dir.
Orta aylıq əməkhaqqı: 20,08 x 80,26 = 1 611,62 AZN.
İşdənçıxarma müavinəti: 1 611,62 x 1,7 = 2 739,75 AZN.
İşçinin beş ildən on ilədək əmək stajı olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında hesablanıb.
“Bu halda da işçiyə işdən çıxdığı günə qədər işlənmiş iş günlərinə görə əməkhaqqı və istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası da ödəniləcək”, – deyə N.Xəlilov qeyd edib.
Könül Cəfərli
www.102info.az