Son vaxtlar Azərbaycanda səyahət sığortasından istifadənin genişləndiyi müşahidə olunur. Belə ki, daha çox xarici səfərlərdə tələb edilən səyahət sığortası artıq Azərbaycanın regionlarına təşkil edilən turlarda, hətta qısamüddətli səfərlərdə belə tətbiq edilir.
Maraqlıdır, səyahət sığortasına tələbatın artmasına səbəb nədir? Sığortanın bu növünün inkişafı turizm və ümumi sığorta sahəsi üçün nə vəd edir?
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, səyahət sığortası dünyada çox yayılmış sığorta məhsullarından biridir. Ekspertin sözlərinə görə, bu növ sığorta məhsullarından istifadə imkanları və tələbatı ölkədən-ölkəyə, qitədən-qitəyə dəyişir:
“Müxtəlif ölkələr bunu müxtəlif cür tələb və təklif edirlər. Məsələn, Şengen ölkələrinə gedirsinizsə, viza almaq istəyirsinizsə, onda məcburi şəkildə sizin səyahət sığortanız olmalıdır. Elə ölkələr var, sığorta tələbi yoxdur, könüllüdür. Misal üçün, Türkiyəyə səyahət etmək istəyirsinizsə, sığorta əldə etməyə də bilərsiniz.
Səyahət sığortası haqqında tələb səfər zamanı sağlamlıqla əlaqədar yarana biləcək problemlər üçün ortaya qoyulur. Səyahətdə qəflətən səhhətinizdə problem yaranarsa, müxtəlif məbləğdə dəyəri olan xidmətlər göstərirlər. Eyni zamanda, ölüm halında meyitin, tabutun daşınması üçün də sığortalı olmaq vacib göstərilir. Əsasən, inkişaf etmiş ölkələrdə belə məcburiyyət tətbiq edilir”.
İlkin İbrahimov vurğulayıb ki, Azərbaycanda səyahət sığortası məcburi tələb deyil:
“Lakin bir neçə il bundan əvvəl tur operatorlarının bölgələrə təşkil etdiyi səyahətlər zamanı problemlər ortaya çıxmağa başladı. Belə ki, müxtəlif qəzalar, turistlərin səhhətində problemlər və s. baş verdi. Nəticədə, turistlərin müalicəsi, tibbi yardımın göstərilməsi üçün vəsait və məsuliyyət problemləri yarandı.
Bundan sonra tur operatorlarla sığorta şirkətlərinin görüşləri keçirildi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə müzakirələr aparıldı. Qərara alındı ki, maarifləndirmək lazımdır. Tur operatorlar qısamüddətli ölkədaxili turlarda yarana biləcək çətinliklərin də sığorta şirkətləri tərəfindən qarşılanmasında maraqlı oldular. Hazırda bir çox tur şirkəti bölgələrə səyahət zamanı kiçik məbləğ qarşılığında hər bir turisti səyahət sığortası ilə təmin edir. Hazırda turizm mövsümünün də canlanması səyahət sığortasının da geniş tətbiq edilməsinə şərait yaradır”.
Qeyd edək ki, səyahət sığortasının məbləği səyahətçinin hansı ölkəyə getməsindən, səfərin məqsədindən, onun yaşından və səfərin müddətindən asılıdır. Bundan əlavə, sığorta haqları turistlərin hansı qrupa aid olmalarından da asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, ağır iş arxasınca gedən şəxslərə (şaxtada, tikintidə işləmək üçün) və alpinistlər üçün sığorta haqları sadə turistlərə nisbətən yüksək olur. Onların riskləri fərqli olduğuna görə, sığorta haqqı da daha çox olur.
Şirkətlərin səyahət sığortası üzrə təminat verdiyi sığorta məbləği və sığorta haqqına nəzər saldıqda, görürük ki, sığorta məbləği 5 000 avro, yaxud dollardan başlayır, 50 000 avro və ya dollaradək yüksəlir.
Aysel Aslan
www.102info.az