Biləsuvar rayonunun Çaylı kəndində internet xəttinin çəkilişi yarımçıq qalıb.
Bu barədə “Report”a bir qrup kənd sakini məlumat verib.
Onların sözlərinə görə, kənddə cəmi 10 evə internet xətti çəkilib. Həmin evlərdə də internetin sürətinin çox aşağı olduğu bildirilib.
Sakinlər deyir ki, internetin sürəti zəif olduğu üçün ödənişli paketlər götürməyə məcbur olurlar. Bu isə əlavə xərclərin yaranmasına gətirib çıxarır.
Buna görə kənd əhalisi aidiyyəti qurumlara müraciət edərək, problemlərinin aradan qaldırılmasını xahiş ediblər.
Məsələ ilə bağlı “Aztelekom” MMC-dən bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində müxtəliftutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir.
Qeyd edilib ki, layihə çərçivəsində görülən işlər nəticəsində Çaylı kəndinin də 2024-cü ilin sonuna kimi GPON texnologiyası ilə təmin olunacağı planlaşdırılır.
Həmçinin, məlumatda vurğulanıb ki, hazırda kənddə internet xidmətinin təminatı istiqamətində “Aztelekom” tərəfindən kütləvi nasazlıq müşahidə olunmur:
“Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Əgər hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar. Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır”.
www.102info.az