Xaçmazda pomidor yığımının qızğın çağıdır – FOTO/VİDEO

Cəmiyyət


Xaçmazda açıq tarla şəraitində yetişdirilən pomidor sahələrində iyulun 15-dən başlayaraq kütləvi məhsul yığımına başlanılıb. Bu il sahələrdə bol məhsul yetişib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Xaçmaz bazarlarında pomidorun topdansatış qiyməti hər kiloqramına görə 25 qəpikdir. Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 7-8 manata təklif olunur.

Təsərrüfatçı Füzuli Paşayev rayonun Aşağı Zeyid kəndində 0,25 hektar sahədə pomidor becərib. Bol məhsul əldə edən fermer yetişdirdiyi pomidoru sahədən birbaşa topdansatış qiymətinə satmağa üstünlük verir.

“Bizim kənddə sakinlərin əsas məşğuliyyəti pomidor becərməkdir. Bir-iki hektar sahədə pomidor əkənlər var. 5-6 ay zəhmət çəkdikdən sonra məhsul satışını gözləyirik. İyulun ortasından pomidor satırıq. İlk başlayanda bir kiloqramını 40-50 qəpiyə satırdıq. İndi isə pomidor kütləvi yetişib. Ona görə də qiymət 20-25 qəpiyə kimi ucuzlaşıb”, – deyə Füzuli Paşayev söyləyib.

Bu il Xaçmaz rayonunda 1934 hektar sahədə pomidor əkilib. May ayından sahələrə köçürülən pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılıb, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanıb. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Sevimli” növləri becərilir.

Xaçmaz bazarında pomidor topdansatış qiymətə alınaraq paytaxtdakı satış mərkəzlərinə aparılır. Məhsulun bol, qiymətin sərfəli olması alıcıların ürəyincədir.

“Fevral ayından bu pomidorun becərilməsi üçün zəhmət çəkirik. İlk məhsul yığılanda pomidorun bir yeşiyi 15-16 manat idi. Kiloqramı 40-50 qəpiyə satırdıq. İndi 15-20 qəpiyə düşüb”, – deyə bazarda pomidor satan təsərrüfatçı Sakit Mütəllimov söyləyib.

Əsasən yerli bazarlara satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Amma rayonda açıq tarla şəraitində yetişdirilən tərəvəzin çox az hissəsi xaricə göndərilir. Hazırda xaçmazlı təsərrüfatçılar daha çox meyvəçiliyə üstünlük versələr də, keçmiş sovet dövründə bu rayonda yetişdirilən pomidor bütün ölkədə məşhur idi. Fermerlər bildirirlər ki, pomidorun xaricə satılması ölkəmizə valyuta gətirməklə yanaşı, fermerlərin daha çox gəlir əldə etməsinə şərait yaradar.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2003 hektar pomidor sahəsindən 69 min 18 ton məhsul yığılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir