“Uşaq yaşlarımdan belə rəsmlərə marağım olub. Anama deyiblər ki, “qızının problemi var, həkimə apar”.
Bunu Oxu.Az-a müsahibəsində atalar sözləri əsasında qeyri-adi rəsmlər çəkən rəssam Günel Ravilova deyib.
Müsahibəni təqdim edirik:
– Günel xanım, rəssamlıq üzrə ali təhsildən imtina etmisiniz?
– Mən rəssamlar ailəsində böyümüşəm. Atam, anam və babam rəssam olublar. Anam və babam Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində çalışırdılar. İki-üç yaşımdan rəsm çəkirəm. Bu mənim həyatımın bir hissəsidir. Ailə üzvlərimin işlərini görüb, həvəsləndim və rəsmə başladım. Evdə ailə üzvlərim mənim müəllimlərim olublar. Valideynlərim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olmağımı istəməyiblər. İki dəfə Rəssamlıq Akademiyasına qəbul oldum. Lakin oxumaqdan imtina etdim. Özləri mənə hər şeyi öyrədiblər. Rəssamlıq kurslarına da getmişəm. İki təhsilim var. İqtisadiyyat üzrə təhsilim var. Daha sonra Diplomatiya Akademiyasına da qəbul oldum. Rəssamlıq üzrə magistratura təhsili almaq istəyirəm. Lakin Bakıda alınmır. Xaricdə təhsil almağı düşünürəm.
– Müsahibələrinizin birində demisiniz ki, “işimi, vəzifəmi rəssamlığa qurban verdim”. Bu haqda ətraflı danışmağınızı istərdim. Necə oldu bu?
– Mən çox yaxşı iş yerlərində çalışmışam. Yaxşı işim, maaşım var idi. Birdən oturdum, düşündüm ki, “mən azad olmaq istəyirəm”. 23-24 yaşımda bu qərarı verdim. Hər gün səhər işə getmək istəmirdim. Səhər get, axşam gəl. İşdə yaradıcılıq ilə məşğul olmaq mümkün deyildi. 1996-ci ildən sərgilərdə iştirak edirdim. Çatdıra bilmirdim. Bilirdim ki, pulsuz qalacağam. Çətin olacaq. Lakin böyük seçim oldu. Rəssamlığı seçdim. Gen məni çəkdi. Ailəm də deyirdi ki, “çətin olacaq”. Mən rəssamlıqla yaşayıram. Bundan başqa işim yoxdur. Belə öz əlim, öz başımdır.
Bilirdim ki, çətin olacaq. Bir var, sırf pula, karyeraya görə işləyəsən. Bir də var, hisslərinə, azad yaşamağına görə işləyəsən. İnsanlara hisslərini çatdırasan. Digər iş ofisdir. Burada başqa missiya var. Rəssamı olan ölkə inkişaf etmiş ölkədir. İncəsənəti olmayan ölkə geridə qalmış hesab olunur.
– Uşaq yaşlarınızdan rəssam olaraq fəaliyyət göstərdiyinizi dediniz.
– Üç-dörd yaşımda olanda mənim çəkdiyim rəsmlər Azərbaycan Dövlət Televiziyasında uşaq verilişində nümayiş olunurdu. Anam orada işləyirdi. Çox vaxt mənim işlərimi başqalarının adı ilə verirdilər. Hətta bir dəfə buna görə ağlamışdım.
Məktəbdə oxuyanda şəxsi sərgim oldu. Limonad fabrikinin birinci etiketini mən hazırladım. Əslində, anama tapşırılmışdı, lakin mən etdim. 35 ildir rəssam olaraq fəaliyyət göstərirəm. Rəssamlar İttifaqının üzvüyəm.
– Ailə üzvlərinizin sizin rəssam olmaq istəyinizə qarşı çıxdığını dediniz.
– Ailəm dedi, lazım deyil. Sonra gördülər ki, həvəsim, istəyim var. Qarşımı kəsmədilər. Mozaikalar da hazırlayıram. O da mənə babamdan keçib.
– Əsərlərinizə baxanda görürük ki, özünüzə məxsus dəst-xətiniz var. Bunu necə yaratdınız?
– Əsərlərim seçilir. Heç kəs öyrətməyib. Uşaqlıqdan belə işləyirəm. Atamla işlərimiz oxşayır. Anam ancaq gül rəsmləri yaradır. Atamın insanı düşündürən rəsmləri olurdu. Sürrealizm üslubunda işləyirdi. Rəssamlıq tənha ixtisasdır. İnsan tək qalanda düşünür. Uşaqlıqdan belə rəsmlərə marağım var. Bir dəfə anama deyiblər ki, “qızının problemi var, həkimə göstər”. Sırf çılpaq qadınları çəkirdim. Bizim cəmiyyətdə bu qəbul olunmur. Anam da deyib ki, yaradıcı insandır. Bir dəfə mənə yazmışdılar ki, “Azərbaycan qadınına məxsus fotolar çəkin”. Hamı eyni cür işləməli deyil. Mən pornoqrafiya çəkmirəm. Danışan işlərdir. Hər birinin hekayəsi var. Hərə öz içi kimi görür. Xislətində pis məqam olan başqa cür görəcək. Alıcılar da ağıllı insanlardır. Rəsmlərimin xüsusi pərəstişkarları var.
– Niyə sırf qadınları çəkirsiniz?
– Düzdür, qadın mövzusuna daha çox toxunuram. Çünki söz-söhbət olan kimi ilk qadın yada düşür. Qadın həyatını təsvir etmək mənim üçün rahatdır. Bəzən məni feminist də adlandırırlar.
Bundan sonra hansı mövzuya toxunacağımı bilmirəm. Mövzularımı həyatdan götürürəm. Bəzən qadınlar mənə həyat hekayələrini danışırlar. Deyirlər ki, “mənim həyatımı çək”. Sırf insan portreti yaratmıram. Çünki onun mənası yoxdur. Maraqlı sima görəndə çəkirəm. İnsan portretini mənasız bilirəm. Çünki indi texnika inkişaf edir. Şəkli çəkmək mümkündür. Ehtiyac yoxdur. Düşündürücü əsər yaratmaq lazımdır.
– Günel xanım, bu günə qədər neçə əsər yaratmısınız?
– Açığı, saymamışam. Çoxusu satılıb. Eskizlərim də var. Elə olub, sərgiyə 100-200 iş aparmışam. Onu deyə bilərəm ki, əsərlərim 100-dən çoxdur.
– Ən bəyəndiyiniz rəsm əsərləriniz hansılardır?
– Burada deyil. Bir iş var. Həmin əsərim satılıb. Yumurtanın içərisindən əl çıxır. O iş xoşuma gəlib. Burada olanlar hamısı normaldır. Əslində, əsl rəssamın bəyəndiyi əsəri olmur. Həmişə narazı olur. Düşünürsən ki, daha da yaxşı etmək olardı. Tam razı qalmırsan. Rəsmi çəkib pozduğum çox olub. Elə olub, işləmişəm, ideya qaçıb, ardını gətirmək istəməmişəm.
– Rəssamlar, adətən, sevdikləri rəsmləri satmaq istəmirlər. Heç zaman satmaram dediyiniz əsəriniz var?
– Sifarişlərim olur. Sərgilərdə nümayiş olunur. Əsərlərim şəxsi kolleksiya və müasir muzeylərdə nümayiş olunur. Rəssamda alıcı gah olur, gah olmur. Stabillik olmur. Satmaq istəmədiyim çox əsər olub. Satmaq istəmədiyim üçün yüksək qiymət təklif etmişəm.
Böyük işlərimin qiyməti 3 000 manatdan başlayır. Xaricdə belə rəsmlərə daha çox qiymət verirlər. Bizdə qiymət deyəndə “öldürürlər”. Əziyyəti, vaxtı, materialı düşünmürlər.
– Atalar sözləri ilə bağlı əsərlər yaratdığınız haqqında məlumatlar var. Nə zamandan başlamısınız?
– Sırf atalar sözü ilə işləyirəm. Bizim atalar sözlərini hər kəs eşidir. Lakin heç kəs görmür. Məsələn, oğru elə bağırdı, doğrunun bağrı çatladı. Bu atalar sözü ilə bağlı iki insan çəkdim. Biri qışqırır, digərinin ürəyi partlayır. Sırf kişi çəkmişəm. Düşünürəm, o üzlülük kişilərdə var. Oğurluğu kişilər edirlər. Digər bir rəsmdə azad qadını təsvir etmişəm. Qadının həyatını açmışam. Qadınlar azadlığı sevirlər. Sıxanda aqressivləşirlər.
Digərində isə qadın bədəni çəkmişəm. Baş yerinə çoxlu ayaqlar var. Bunun mənası qadın evin yaraşığı deməkdir. Qadını vaza kimi təsvir etmişəm. Digər ayaqlar kişinin bir qadın ilə kifayətlənməməsini göstərir. Ayaqlar güllər kimidir. Bir işim də var. Qazanın içində ayaqlar var. Xaş kimi. Bilirsiniz niyə? Kişilər qadın ayağına baxanda deyirlər ki, “necə xaşlıqdır…”
Atalar sözlərilə bağlı əsərlər çəkməyə, əsasən, 2016-cı ildən başladım. Qədim bir kitab var idi. Gördüm maraqlı atalar sözü var. Çəkdim, gördüm ki, alınır. Düşündüm, elə ilk mən eləmişəm. Qoy davamını da gətirim. Sırf Azərbaycan atalar sözləri. Bir dəfə də monqol atalar sözünü işləmişdim. Ruslara aid də işləmişəm.
– Əsərlərinizdəki qadınlar niyə çılpaqdırlar?
– Mən dərzi deyiləm ki, onlara paltar çəkim. Fikirləşə bilmirəm. Orqanları da çəkmək asan deyil. Mən natura ilə işləməyi sevmirəm. Sürrealizm üslubunda işləyirəm. Müştərinin başında ev çəkə bilmərəm. Rəsmlərimdə göz çəkirəm. Gözlər mələkdir. Mələkləri həmişə uşaq cildində təsvir edirlər. Əslində, göz formasında olurlar. İncildə elə qeyd olunub… Sonradan bildim.
– Müsahibə zamanı hər kəsin öz dəst-xətinin olmasını istədiyinizi vurğuladınız. Tələbələriniz hansı tərzdə əsərlər yaradırlar?
– Yayda tələbə hazırlamıram. Amma hazırlamışam. Sentyabrdan yenidən başlayacağam. Əsas istək olsun. Rəsm öyrənmək asandır. İnsan kreativ düşüncəli olmalıdır. İstəyirəm, tələbələrim öz tərzlərində işləsinlər. Sırf mən deyəni işləməsinlər. Mən ustad dərsləri də keçmişəm. Həmişə deyirəm, mənim kimi işləməyin. Çox rəssam var ki, tələbələri də onun özü kimi işləyirlər. Rəsmə baxan kimi kimin tələbəsi olduğu bəlli olur. Mən istəyirəm ki, hərənin öz yolu olsun.
– 44 günlük Vətən müharibəsindəki qələbəmizi fərqli tərzdə rəsmə aldığınızı dediniz.
– Birinci əsəri qələbə olan günü işlədim. Hamı qələbəni şən çəkdi. Mən şəhidləri göstərdim. Meyitləri və qələbəyə gedən yolu çəkmişdim. Sonda isə yeni doğulmuş uşağı göstərdim. O işi Özbəkistandakı sərgi üçün göndərdim. Lakin qayıtmadı. Başqa insanın ofisində gördüm. Çox pis oldum. İş mənə qayıtmadı. Mən onu sırf sərgilər üçün saxlamışdım. Böyük və maraqlı iş idi.
Sonra biz Şuşada olduq. Gəzdik, baxdıq. Orada düşmənə ismarış xarakterli rəsm çəkdim. Təəccüblənmişdilər.
Laçına aid iki rəsm çəkməliyəm. Biri yarımçıqdır. Aşpaz çəkmişəm. O, Laçından imiş. İllər sonra geri qayıdıb. Orada soğan doğraya-doğraya ağlayır. Lakin bəlli etməməyə çalışır. Davamı olacaq. Pəncərədə fon olaraq Laçını çəkəcəyəm.
Bizimkilər Laçın və ya Şuşa deyəndə elementar rəsm çəkirlər. Şuşadırsa, xarıbülbül və Şuşa qalasını təsvir edirlər. Bu, düzgün deyil. Eyni işlər çoxdur. Nə görürlərsə, onu çəkirlər. Düşünmək lazımdır. Kurslarda da uşaqlara bunu aşılayırlar.
– Əsərləriniz xaricdə sərgilərdə nümayiş olunubmu?
– Azərbaycanda çox olub. Xaricdə də olub. Məsələn, Antalya, Amsterdam, Riqa, Moskva, Sankt-Peterburq şəhərlərində, eləcə də Xorvatiya, Avstraliya, Meksikada olub. İşlərim gedib, özüm getməmişəm. Mən heç yerə getmək istəmirdim. Çəkdiyimi bildirmək istəmirdim. Gizlənirdim. Bir vaxtdan sonra başa düşürsən ki, lazımdır.
– Rəssamlıq Akademiyasında dərs keçmək istədiyinizi dediniz.
– Dərs demək istəyərəm. Gənclərə fərqlilik öyrətmək istəyirəm. Akademiyada uşaqlara standart iş öyrədirlər. Bizdə düşüncə aşağıdır. Qorxurlar ki, tənqid çox olar. Və ya deyirlər ki, satılmayacaq. Xaricilər deyirlər ki, “Elə bilirdik, Azərbaycanda rəssam yoxdur. Nə qədər gül rəsmləri olar axı… Bəzi rəssamlar rəsmlərini satmaq üçün çəkirlər. Satmaq gözü ilə baxırsansa, onu ürəklə işləmirsən. Canlılıq da olmur. Sərgilərdə quru işlər çoxdur. Şəkil danışmır.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
www.102info.az