Bloqer Aysel Şükürovanın keçmiş əri Elşən Əsgərli onu bıçaqlamağa cəhd etməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.
E.Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə baş vermədən iki gün əvvəl A.Şükürova ona gizli nömrədən zəng edərək, uşağını görmək üçün çağırıb:
“Mənə zəng edib “gəl, uşağını sənə göstərirəm”, – dedi. Mən də onun yaşadığı evin yanına getdim ki, uşağımı götürüm. Elə ora çatanda mənə dedi ki, əyləş, maşında söhbət edək. Gördüm ki, uşağım Ayselin anasının maşınında əyləşib. Mən də oğlumun yanına keçdim.
Bu zaman Aysel məni qıcıqlandıran sözlər deməyə başladı. Onun sözlərinə fikir vermədim, gördü ki, heç bir cavab vermirəm təhqirə keçdi. Daha sonra telefonu çıxardı və məni videoya çəkməyə başladı. Mən maşından düşdüm. Aysellə anası da də maşından düşüb etdikləri təhqirləri davam etdirdilər.
Bu vaxt kənarda yaşlı bir qadın onlara irad etdi ki, ictimai yerdə küçə söyüşləri söyməyin. Nizami küçəsində mənim və uşağımın yanında ana-bala o qadını döydülər. Uşaq qorxmağa başladı. Ona bildirdim ki, qorxma. Daha sonra ara sakitləşdi və mən oradan uzaqlaşdım”.
E.Əsgərli qeyd edib ki, həmin gün Aysel ona təkrar zəng edərək, Azərbaycan Kooperasiya Universitetinin yanında gözlədiyini bildirib:
“Anası ilə Aysel istədiyinə nail olmadığı üçün təkrar mənə zəng etdi və əl çəkmədən görüşə çağırdı. Universitetin yanında görüşdük və mən ona bildirdim ki, maşından düşmürəm. Bildim ki, düşsəm məni şərləyəcək. İki dostu ilə gəlmişdi. Daha sonra mən Saray bağları massivində yerləşən evimə getdim, o və iki dostu da ardımca bağa gəldilər.
O, həyətə gəldi və canlı açdı, yenə məni təhqir etməyə başladı. Həmin vaxt irad bildirdim ki, “telefonu yığışdırsın, evimdə məni təhqir edib, çəkməsin. Tələb etdim ki, mənim və ailəm haqqında heç bir paylaşım etməsin. Nə varsa da, silsin. Ona xəsarət yetirsəydim polislər bunu görərdilər. Bütün xəsarətlər mənə dəydi. Rəy üçün ekspertiza təyin edilib. Mən qəsdən o görüşü evimin içində saldım ki, hadisə olanda bilinsin”.
O qeyd edib ki, övladına görə Ayselə aliment ödəyir:
“Mən aliment vermirəmsə, dövlətin qanunları var və bununla bağlı mənim haqqımda tədbir görülərdi. Əvvəldən də aliment ödəmişəm. Mart ayından bu tərəfə hər ay mən onun şəxsi hesabına 2200 manat pul ödəmişəm. Onların da çekləri məndədir.
Aysel deyir ki, mənim “Dəlilik kağızım” (psixi xəstəlik haqqında arayış) var. Həmin kağız olan şəxsin uşaqla ünsiyyəti onun həyat təhlükəsizliyinə zərurət yaradırsa, dövlət görüşə icazə vermir”.
Elşənin anası Zoya Əsgərli deyir ki, dəfələrlə Ayselin qohumlarından ona xəbər yollayıblar ki, onları narahat etməsin:
“Biz özümüz üçün yaşayan insanlarıq. Ailəmi, oğlumu, qızımı, yaşlı anamı narahat edirlər. Bezmişik məhkəməyə müraciət etməkdən. Nə qədər olar? Üç azyaşlı uşağının arxasında gizlənərək, reytinq yığmaq xətrinə bizi şantaj, təhqir edir. Ana-bala oğlumu təhqir etdilər. Qəsdən Elşənə məndən, qızımdan yalan sözlər deyirlər ki, qıcıqlansın və nəsə əməl törətsin.
İnanın, bilmirik necə edək. Məqsədi nədir bilinmir. Kim və ya kimlərin onu maliyyələşdirdiyi bilinmir. Əvvəllər belə söhbətin axırına kimi getmədik, indi isə hüquq- mühafizə orqanlarına müraciət edəcəyik. Artıq belə olmaz”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, A.Şükürovadan daxil olmuş müraciətlə bağlı hazırda müvafiq Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, Aysel Şükürova keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.
O, ötən gün keçmiş əri E.Əsgərli tərəfindən hücuma məruz qaldığını bildirib.
A.Şükürova ikinci dəfə ailə qurduğu Oqtay Əhmədovla da rəsmi şəkildə boşanıb. Onun Elşəndən bir, Oqtaydan isə əkiz oğlanları var.
Xatırladaq ki, Q.Şükürov vəzifəsini itirəndən sonra “Lifttəmir” İstehsalat Birliyindəki mənimsəmələrlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Ayrıca Qüdrət Şükürova qarşı da Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb.
www.102info.az