Hansı uşaqların allergik xəstəliklərə tutulma ehtimalı daha çoxdur? – Mütəxəssis RƏYİ + FOTO

Cəmiyyət


Dünyada hər beş adamdan birində görünən allergik xəstəliklər onların həyat keyfiyyətinə təsir edir. Bəzi ağır hallarda allergiyanın anafilaksi kimi tanınan, həyati təhlükəli reaksiyaya səbəbolma ehtimalı da var. Bir çox insanları yaz-yay aylarında narahat edən əsas məqamlardan biri allergiyadır.

“Kaspi” qəzetinin müsahibi uşaq allerqoloq-immunoloqu, uzman Röyalə Babayevadır. O, allergiya, onu yaradan səbəblər və müalicə formaları haqqında bəhs edib.

Allergiya və yaranma səbəbləri

Röyalə xanım deyir ki, dünyada hər beş adamdan birində görünən allergik xəstəliklər onların həyat keyfiyyətinə təsir edir. Bu səbəbdən, qlobal əhəmiyyət verilən xəstəlik qrupları arasındadır:

“Ölkəmizdə çiçək tozu və toz allergiyası, həşərat dişləməsi və müxtəlif qidalara qarşı allergiyaya çox rast gəlinir. Allergik xəstəliklər, əslində, bizim üçün yad olmayan cisimlərin, qidaların orqanizmimizdə yad cisim kimi qarşılanmasıdır. İmmunitet sistemi sözügedən allergen üçün antikorlar istehsal edir. İnsan allergenlə yenidən təmasda olduqda, bu antikorlar allergiya simptomlarına səbəb olan histamin kimi bir sıra immunitet sisteminə xas kimyəvi maddələr buraxır. Allergiya simptomları insanın tənəffüs yollarına, sinuslara və burun dəliklərinə, dərisinə, həzm sisteminə təsir göstərə, allergik reaksiyaların şiddəti yüngüldən ağıra qədər dəyişə bilir. Bəzi ağır hallarda allergiyanın anafilaksi kimi tanınan, həyati təhlükəsi olan bir reaksiyaya səbəb olmaq ehtimalı da var”.

İlkin əlamətlər hansılardır?

“Allergiya ilkin olaraq uşaqlarda ekzema ilə başlayır”, – deyir həkim:

“Bunu ana başlanğıcda uşağın üzündə qızarma ilə hiss edir. Daha sonra uşağın qollarına, bədəninə doğru yayıla bilər. Bu dönəmdə ilk şübhələrimiz ana südündəki kobud proteinlər (inək südü protein allergiyası və yumurta) üzərində dayanır. Uşaq böyüdükcə allergiya xırıltı, xışıltı, öskürək simptomları ilə irəliləyir. Bunlar sonradan bronxit və allergik astmaya çevrilir. Astmanın gecə boyu öskürək, nəfəs daralması, tez yorulma kimi əlamətləri var. Əvvəl bronxların tutulması, sonradan isə üst tənəffüs yollara keçməsi ilə inkişaf edir və böyüdükcə 6-12 yaşlarda allergik rinitə çevrilir. Allergik rinitdə, əsasən, uşağın burnunda axıntı, tıxanıqlıq, asqırma olur. Əgər uşağınız uzun müddət asqırırsa, üz formasında dəyişiklik (yəni bir qədər uzanıbsa) varsa, dərisində ekzema görürsünüzsə (quruluq), ağızdan pis iy gəlirsə, gözünün altında tünd rəng yaranıbsa, bu, artıq rinitin əlamətləridir”.

Allergik olma şansı

“Uşaqda allergik xəstəlik olma şansı ana-atada allergik rinit varsa 50 faiz, valideynlərdən birində varsa 25 faiz, genetik yoxdursa, 13 faiz civarında ola bilər. Genetik faktordan başqa, çevrə amilləri də var. Buraya çirkli hava, ananın hamiləykən siqaret tüstüsünə məruz qalması və ya düzgün qidalanmama (fast-food, çips, şokolad və s.) daxildir. Bütün bunlar bizim tənəffüs yollarımızda sağalmayan xəsarətlər yarada bilir. Nəticədə, allergiyanın böyüyənə qədər bizimlə qalma ehtimalı var”, – deyir Röyalə xanım.

Mövsümi xarakter daşıyan allergiyalar

Həkim bildirir ki, uşaqlarda daha çox süd və yumurta allergiyalarına rast gəlinir:

“Bununla yanaşı, məktəbəqədər yaşda uşaqlarda, əsasən, allergik astma yaranır ki, onun da səbəbi evdə olan tozlar, həmçinin ağacların, otların tozcuqlarıdır. Amma bu, mövsümi xarakter daşıyır. Məsələn, aprel-may aylarında ağac, may-avqust aylarında çayır, avqust-oktyabr aylarında otların tozlanması başlayır ki, bu da allergiyaya səbəb olur. Qida allergiyaları, əsasən, 4-5, allergik astmalar isə 13-14 yaşlarında keçib gedir. Daha çox rinit kimi burunda olan simptomlar qalır. Tozlu yerdə yüngül asqırmalar, burunda qaşıntılar, tıxanıqlıq kimi əlamətlər böyük yaşlarda az da olsa, qala bilir”.

“Bunlar dəyişməsə, uşaq davamlı dərmandan asılı olacaq”

Həkim allergiyanın başqa səbəblərindən də danışdı:

“Evdə – mətbəxdə, hamamda, ayaqyolunda, xüsusən kafellərin arasına dolan kif-göbələk də allergiya yarada bilir. Dərmanlara qarşı da allergiya olur. Buna daha çox böyük yaşlarda rast gəlinir. Bəzən əvvəldən allergiya verməyən dərman, sonradan allergiyaya səbəb olur. Məsələn, antibiotiklər yoxlanılmadan vurulmur. Yun tərkibli parçalardan tikilən geyimlərdən də allergiya yarana bilər. Yun özünə həmişə toz yığır. Bu cür xəstələrə biz pambıq parçadan geyimlər tövsiyə edirik. Geyim dəyişən kimi allergiya da keçib gedir. Həmçinin, astma xəstələri yun yorğan-döşəyi pambıq və ya sintifona dəyişilməli, evdəki xalçaları yığışdırmalıdırlar. Qalın pərdələr də jalüzlərlə əvəz olunmalıdır ki, uşaq düzgün nəfəs alsın. Əgər bunlar dəyişməsə, uşaq davamlı dərmandan asılı olacaq. Ona görə də, ilkin olaraq allergiyanı yaradan səbəbi ortadan qaldırmaq lazımdır. Həmçinin, konyunktiviti qeyd etmək gərəkdir. Bu, göz allergiyasıdır. Havada olan tozcuqlardan gözlər qızarır, sulanır və qaşınır. Bu, mövsüm dəyişikliklərində daha çox müşahidə olunur”.

Hansı uşaqlarda psixoloji allergiya yaranır?

“Daha böyük uşaqlarda spontan övrə dediyimiz xəstəlik olur”, bildirir həkim:

“Bəzən uşaqların bədənlərində köpəşiklər əmələ gəlir. Gecələr yatmağa qoymur, çox qaşınır. Bunun səbəbi psixolojidir. Ana-atası ayrılan və ya yola getməyən, imtahana hazırlaşan, ailəsində ciddi problemi olan uşaqlarda rastlaşırıq, əsasən. Belə şeylər uşağın psixologiyasına təsir edir və gecələr qaşınmaya səbəb olan övrə yaradır. Allergik analizlərində heç bir şey çıxmır. Buna spontan övrə deyirik”.

Ana uşağa daha diqqətli yanaşmalıdır

“Dəri və saç rəngi açıq olan uşaqlar daha həssasdırlar”, – deyir Röyalə xanım:

“Adi toxunanda belə qızartı qala bilir. Onlar allergiyaya daha çox meyillidirlər. Belə olduğu halda ana uşağa daha diqqətli yanaşmalı, hər yeni qidanı az miqdarda və başqası ilə eyni vaxtda verməməlidir. Orqanizmin qəbul etdiyi qidaya reaksiyasını müşahidə etməlidir. Amma bunu da bilmək lazımdır ki, uşaqda immun sistemi bir yaşından sonra formalaşır deyə, ona qədər yüngül allergiya verən qidalar 1 yaşından sonra reaksiya verməyə də bilər. Allergiyadan qurtulmaq üçün ən yaxşı vasitə ona səbəb olan qidanı rasiondan çıxarmaqdır”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir