Vətəndaş nikahı iki şəxsin öz razılığı ilə birgə yaşaması, həyatı paylaşması deməkdir. Rəsmi nikahdan fərqli olaraq belə izdivac heç bir qurum tərəfindən qeydə alınmır. Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatan hər kəs istədiyi şəxslə münasibət qurmaqda, onunla birgə yaşamaqda azaddır, ancaq Azərbaycan cəmiyyətində vətəndaş nikahına münasibət birmənalı deyil. Əksəriyyət qeyri-rəsmi evliliyi qəbul etmir və bunun milli-mənəvi dəyərlərimizə zidd olduğunu düşünür.
Gizli nikahların dəqiq sayını müəyyən etmək olduqca çətindir. Çünki, belə nikahlar barədə dövlət qurumlarına müraciət edilmir və rəsmi şəkildə qeydiyyat aparılmır. Ancaq Dövlət Statistika Komitəsinin yaydığı bir məlumata diqqət yetirməklə ölkəmizdə vətəndaş nikahlarının geniş vüsət aldığını deyə bilərik. Belə ki, ölkədə 2020-ci ildə 17 714, 2021-ci ildə isə 17 566 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub. On minlərlə uşağın qeyri-rəsmi nikahdan dünyaya gəlməsi gizli evliliklərin kütləvi hal almasından irəli gəlir.
Ölkəmizdə vətəndaş nikahlarının geniş yayılmasının səbəbi nədir? Ümumiyyətlə, belə nikahlar cəmiyyətə necə təsir göstərir?
Sosioloq Ağasəlim Həsənov Modern.az-a açıqlamasında vətəndaş nikahının ölkəmiz üçün yeni tendensiya olduğunu və müsbət qarşılamadığını deyib.
“Bunun mənfi nəticələri çox ola bilər. Həm qanunvericilik, həm dini tərəfdən müxtəlif izahı var. Bu həm də əxlaqi, milli-mənəvi dəyərlərimizə ziddir. Bənzər tendensiyalar Azərbaycan cəmiyyətində müşahidə olunur. Bizim üçün problemdir. Mən bunu müsbət mənada dəyərləndirə bilmərəm. Biz 100 il öncə dünyəvi-demokratik dövlət quruculuğu yolunu tutmuşuq. Eyni zamanda dini baxımdan buna ən böyük günahlardan biri olan zina kimi baxılır. Dünyəvi və dini baxımdan vətəndaş nikahının izahı ola bilməz”, – o vurğulayıb.
Ekspertin sözlərinə görə, vətəndaş nikahlarının artmasının gələcək üçün ciddi fəsadları ola bilər:
“Bu, ailə münaqişələrinin, qətl hadisələrinin sayının artmasına səbəb olur. Eyni zamanda mənəvi problemlər yaradır, cəmiyyətə pis nümunə olur. Gənclər, yeni ailə qurmaq istəyənlər baxır, onlara pis örnək olur. Ən ciddisi isə ailə institutunun dağılmasına gətirib çıxarır.
Cəmiyyətin beş əsas sosial statusundan biri ailədir. Onun dağılması ciddi fəsadlar yarada bilər”.
Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ezgi Şahin isə ailədə yaranacaq potensial problemlərin qarşısını almaq üçün insanların nikaha daxil olmadan öncə bir-birilərini tanımalı olduğunu düşünür:
“İki insanın sağlam evlilik qurması üçün bir-birini tanıması lazımdır. Birlikdə yaşamadan, evin içində bir-birini tanımadan, hər hansı bir bağ olmadan rəsmi nikaha girirlər. Nikah qadın üçün daha önəmlidir. Ümumiyyətlə, gələcəkdə uşaq olmasına qərar verilibsə, iki şəxsin nikahının olması çox önəmlidir. Nikah qadın və kişinin “evliyəm” düşüncəsinin ciddiyyətinə səbəb olan rəsmiyyətdir. Deyə bilərəm ki, qadın və kişi bir-birini tanımaq üçün hər mühitdə birlikdə olmaları psixoloji olaraq daha sağlam evliliyə səbəb ola bilər. Rəsmi nikahsız bir yerdə qalmaq yox, bir yerdə çoxlu vaxt keçirib, xatirələr bölüşüb zaman keçirsələr bir-birilərini daha yaxşı tanıya bilərlər və nikaha qərar verilə bilər. Azərbaycanda tez-tez müşahidə edilir ki, gənclər üç-dörd ay münasibət qururlar, yaxşı tanımadan evlənirlər, sonra da peşman olurlar”.
www.102info.az