Reabilitasiya mərkəzində xəstələrə əzab verməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Cəmiyyət


“Nyu Layf” Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri olan Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub.

“Report” xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Famil Rzayev səkkiz il, Orucəli Heydərovla Elvüsal Hüseynovun hər biri yeddi il, Sərxan Əliyevlə Qənbər Həsənov isə hər biri altı il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, “Nyu Layf” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub.

Mərkəzin rəhbəri Orucəli Heydərov, digər əməkdaşları – Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar. İddia edilir ki, işgəncə nəticəsində pasiyentlərdən biri olan Hüseyn Məmmədov ölüb.

Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 133 (Əzab vermə), 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. Elvüsal Hüseynov, Orucəli Heydərov və Famil Rzayevə, həmçinin, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Xatırladaq ki, ittiham olunan Elvüsal Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynovun qardaşıdır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir